Baqali Dabo: Çempionluq uğrunda əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ”dir

Neftçi”nin hücumçusu Baqali Dabo müsahibə verib. Allsport.az saytı xəbər verir ki, komandanın çempionluq uğrunda mübarizə apardığını bildirən fransalı futbolçu, bu yolda əsas rəqiblərimizin “Qarabağ” və “Qəbələ” olacağını deyib.

– “Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?
– Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi üç xal idi, onu da qazana bildik.

– Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusuz?
– Sözün düzü, yadımda deyil. “Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

– Komandaya tam uyğunlaşdığınızı demək olarmı?
– Təbii. Özümü burada əla hiss edirəm.

– Hazırda “Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?
– Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.

– “Zirə” ilə oyundan nə gözləyirsiz?
– Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

– 4 turan sonra lider mövqeyində qərarlaşan “Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandamızın ən böyük rəqibləri kimlər olacaq?
– Tam razıyam ki, “Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ” olacaq.

Həmin kateqoriyadan