Böyük Britaniyadakı səfirimiz: “Qarabağ”ın adı bizim üçün doğmadır, əzizdir və həssasdır

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Londonda çempionlar liqasının qrupunda “Çelsi” klubu ilə ilk oyununa çıxacaq “Qarabağ”ın heyəti ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, “Stemford Bric” stadionunda keçirilən məşqdən əvvəl komandanın rəhbərliyi, məşqçilər və futbolçularla görüşən səfir, seçmə və pley-off mərhələlərindəki yüksək səviyyəli mübarizənin və nəticələrin qrup oyunlarında da nümayiş etdiriləcəyinə inamını ifadə edib:

“Fərdi idman növlərindən sonra kollektiv idman növləri də artıq ölkəmizdə sürətlə inkişaf edir. Ölkəmizdə idmanın inkişafı dövlətimizin bütün sahələrdəki inkişafının tərkib hissəsidir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti bu uğurlar fonunda xüsusi qeyd etmək yerinə düşər. “Qarabağ”ın çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanın futbol tarixində yeni bir səhifədir və biz çox istəyirik ki, digər komandalarımızı da gələcəkdə bu səviyyəli yarışlarda dəstəkləyək. Komandanın adı bizim üçün doğmadır, əzizdir və həssasdır. Məhz buna görə də sizlərin qələbəsi bizə yalnız idman sevinci deyil, sözlə ifadə oluna bilməyən emosiyalar bəxş etdi”.

Azərtac-ın məlumatına görə, diplomat Avropanın əsas milli liqalarında 700-ə yaxın komandanın içərisində ilk 32-yə daxil olmuş “Qarabağ” nəinki ölkəmizdən, hətta regionumuzdan bu mərhələyə vəsiqə qazanan ilk komanda olduğunu qeyd edib. “Bütün xalqımız kimi, Londondakı azərbaycanlı futbolsevərlər də bu gün sizi dəstəkləmək üçün səfərbər olublar, formalarını və bayraqlarını hazırlayıblar. Əlbəttə, mən və səfirliyimizin bütün əməkdaşları da sabah stadionda sizlərlə bərabər olacağıq”, – deyə Böyük Britaniyadakı səfirimiz vurğulayıb.

Həmin kateqoriyadan