Bu stadionlar avrokubok finallarına ev sahibliyi edəcək

Bu stadionlar avrokubok finallarına ev sahibliyi edəcək

UEFA icraiyyə komitəsi avrokubokların növbəti mövsümlərdəki final matçlarına ev sahibliyi edəcək stadionları müəyyənləşdirib.

Allsport.az xəbər verir ki, müvafiq qərarlar qurumun Salonikidə təşkil olunan iclasında qəbul olunub.

Qərara əsasən, UEFA çempionlar liqasının 2028-ci il finalı Münhendəki “Münhen Arena”da, 2029-cu il finalı isə Barselonadakı “Kamp Nou” stadionunda keçiriləcək.

Qadınlar arasında çempionlar liqasının 2028-ci il həlledici matçına Fransanın Lion-Desin şəhərindəki “Park Olimpik Lionne”, 2029-cu il finalına isə Kardiffdəki “Milli stadion” ev sahibliyi edəcək.

UEFA Avropa liqasının 2028-ci il final qarşılaşması Buxarestdəki “Milli arena”da, 2029-cu il finalı isə Belqraddakı “Milli stadion”da təşkil olunacaq.

UEFA Konfrans liqasında 2028-ci ilin qalibi Turindəki “Yuventus stadionu”nda, 2029-cu ilin çempionu isə Budapeştdəki “Puşkaş arena”da bəlli olacaq.

UEFA superkuboku uğrunda matç 2027-ci ildə Amsterdamdakı “Yohan Kroyf arena”da, 2028-ci ildə isə Astanadakı “Astana arena”da keçiriləcək.

Futzal üzrə Çempionlar Liqasının 2027-ci il final mərhələsi İsveçrənin “Biel/Bienne Arena” idman kompleksində baş tutacaq.

İcraiyyə Komitəsi həmçinin 2026/2027 mövsümü UEFA Millətlər Liqasının pley-off sistemində dəyişiklikləri təsdiqləyib. Bu addım 2028/2029 mövsümündən etibarən turnirin dörd əvəzinə üç liqadan ibarət olmasını nəzərdə tutan yeni konseptə səlis keçidi təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 7-də Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.

Həmin kateqoriyadan