Emin Mahmudov: İndi gurultulu bəyanatlar verməyəcəm

“Neftçi”nin futbolçusu Emin Mahmudov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib. 

– Yeni mövsümə hazırlıq necə gedir?
– Toplanışın başlanğıcıdır deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.

– Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədir?
– Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının içtirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.

– “Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdir?
– Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.

– Komandamızın lideri olaraq Avroliqa və çempionatdan gözləntilərin nədir?
– İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.

– Bu yolda azarkeşlərimizə bir kapitan olaraq nə demək istərdin?
– Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.

Həmin kateqoriyadan