Emin Mahmudov: “Qarabağ” indi qəzəblidir

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov premyer liqanın 15-ci turunda “Qarabağ”la oyun haqda müsahibə verib. Allsport.az saytı xəbər verir ki, qaçırdığı qol epizodu ilə bağlı danışan təcrübəli futbolçu azarkeşlərinin komandanın əsas üstünlüyü olduğunu bildirib:

– Təlim-məşq toplanışından sonra “Qarabağ”la oyunda komanda üzvləri özlərini necə hiss edirdi?
– Özümüzü yaxşı hiss edirdik. Ciddi hazırlıq keçmişdik. Fiziki baxımdan da yaxşı idik. Sanki toplanışdan sonrakı ilk matçımız deyildi.

– Mövsümün ikinci hissəsini “Qarabağ”a qarşı oyunla başlamaq nə qədər çətin idi?
– Toplanışdan sonra bütün rəqiblərlə görüşlər çətin keçir. Fərqi yoxdur, “Qarabağ” olsun, ya başqası. Digər oyunlarda da qalib gəlməliyik. Büdrəməyə haqqımız yoxdur. Çünki “Qarabağ”ın büdrəyəcəyinə inanmıram.

– Erkən qol buraxmağınız nə ilə bağlı idi?
– Oyuna pis başladıq. Deyərdim ki, o qədər də aqressiv başlamadıq. Bununla belə, erkən qola yaxşı reaksiya verdik. Əlimizi yanımıza salmadıq. Məncə, ilk dəqiqələrdə çox arxaya çəkilmişdik. Yaxşı ki, sonra vəziyyəti düzəldə bildik. Artıq ikinci hissədə rəqibi qapısına sıxışdırmışdıq. Azlıqda qalandan sonra isə geri çəkilməyə məcbur olduq.

– Qol vurmaq üçün sizin də gözəl imkanınız oldu…
– Bəli, Platellas məni çox yaxşı gördü. Fikrimcə, hər şeyi düz elədim. Düşünmək üçün vaxt yox idi. Sadəcə, qapıya zərbə endirmək lazım idi ki, bunu da elədim. Bir az dəqiqlik çatmadı. Əminəm ki, top çərçivəyə getsəydi, qol olacaqdı.

– Psixoloji üstünlüyün “Neftçi”nin tərəfində olduğunu demək olar?
– “Qarabağ” indi qəzəblidir. Buna görə də heç bir üstünlükdən söhbət gedə bilməz. Əgər öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. Bizim əsas üstünlüyümüz oyun ərzində hiss olunurdu. Bu, azarkeşlərimiz idi.

Həmin kateqoriyadan