Eusebio di Françesko: «Qarabağ» layiqli rəqib idi»

Çempionlar liqasının qrup mərhələsinin son turunda «Roma» – «Qarabağ» matçından sonra rəqib baş məşqçisi Eusebio di Françesko jurnalistlərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis qonaq komandanın layiqli rəqib olduğunu etiraf edib.

– Komandanızın o qədər də baxımlı oyun göstərmədiyini nəzərə alaraq emosiyalarınızı, təəssüratlarınızı bilmək istərdik.
– Xüsusi təəssüratım yoxdur. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə o qədər də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumların kəsərini artıraraq istəyimizə çatdıq. Artıq 1/8 final və daha böyük hədəflər haqqında düşünməliyik. Bundan sonra daha çox çalışacaq və istəkli olacağıq. «Atletiko» kimi komandanı yarışdan kənarda qoymaq, «Çelsi»ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq «Roma» adına böyük hadisədir.

– Komandanın sol cinahı hücumların qurulmasında daha yaxşı çıxış edir. «Roma»nın sol cinahını Avropanın ən yaxşılarından hesab etmək olarmı?
– Sol cinahda futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə olunanlardan daha çoxuna nail olmaq fikrindəyik.

– Qurban Qurbanovun mətbuat konfransında «Sky Sport»un əməkdaşı canlı yayıma qoşularaq məşqçinin sözünü bir neçə dəqiqəlik kəsdi. Eyni halla Bakıda üzləşsəydiniz münasibətiniz necə olardı?
– Mənə verilən bütün suallara həmişə cavab verməyə çalışıram. Futbolla bağlı bütün suallarınızı cavablandırmağa hazıram. Amma futboldankənar, şəxsi sualları cavablandırmağa çətinlik çəkirəm.

– Sabah pley-offun bütün iştirakçıları məlum olacaq. «Roma»nın «Bavariya» və «Real» kimi rəqiblərlə qarşılaşmaq ehtimalı var. Belə rəqiblərdən qorxmursunuz?
– Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, indiyə kimi dediklərimin heç bir mənası olmazdı.

– Bakıda və burada qarşılaşdığınız iki «Qarabağ» arasında hansı fərqləri gördünüz? Ümumiyyətlə, ÇL-nın debütantının çıxışı haqqında nə deyə bilərsiniz?
– «Çelsi» ilə oyunu çıxmaq şərtilə «Qarabağ» yaxşı oyun göstərdi, layiqli rəqib idi. Xüsusilə, «Atletiko» ilə oyunda daha yaxşı oynadı və bizim pley-ofa çıxmağımıza bir növ kömək etdi.

Həmin kateqoriyadan