Füzuli Məmmədov: “Qalatasaray”ın güclü və zəif tərəflərini bilirik”

Avropa liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”ı qəbul edəcək “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı təşkil olunub. Allsport.az xəbər verir ki, o, oyun haqda fikrini bildirib:

“Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rəqibin səviyyəsindən danışmağa ehtiyac yoxdur. “Qalatasaray” haqda lazım olan məlumatları toplamışıq, komandanı lazımi qədər analiz etmişik. Oyunu gözləyirik. Futbolçularımız meydana çıxıb qələbə qazanmaq üçün əllərindən gələni etməyə çalışacaqlar. Qalib gəlmək üçün neçə faiz şansımız olacaqsa, ondan maksimum yararlanmağa çalışacağıq.

“Qalatasaray”ın güclü və zəif tərəflərini bilirik. Rəqibi tam analiz etmişik deyiriksə, deməli, ona qarşı planlarımız var. Heyətlə bağlı hələ tam qərar verməmişik. Bunu son məşqimizdən sonra edəcəyik. Komandanın psixoloji planda “yama”da olması fikri ilə razı deyiləm. Sadəcə, son oyunda məğlub olmuşuq. Təbii ki, psixoloji vəziyyət çox önəmlidir və komandanı bu baxımdan maksimum dərəcədə hazırlamağa çalışacağıq. Futbolçularımız təcrübəlidirlər, belə komandalara qarşı oynayıblar.

Əlbəttə, belə komandalara qarşı uğur qazanmaq tarixə düşməkdir. Hər bir futbolçumuz da qələbə qazanıb “Neftçi”nin tarixinə düşmək istəyir. Təbii ki, sabah müdafiə xəttindəki futbolçulardan da yaxşı oyun gözləyirəm. Mamadu Mbodjla heç bir problemim yoxdur. Onunla danışdıq, səhvlərini göstərdik, bir-birimizi başa düşdük. Komandamdan gözəl, mübariz, döyüşkən oyun gözləyirəm.

Stadionun dəyişməsinin planımıza elə bir təsiri olmadı. Çünki az müddət əvvəl milli komandamızın üzvləri burada çıxış etmişdi. Həm də doğma şəhərimizdə oynayırıq. Təkcə Emin yox, hər bir futbolçumuz mənim üçün dəyərlidir. Hamısı ilə həm fərdi, həm də komanda şəklində danışmışıq. Onlar böyük futbolçulardır, hər şeyi anlayırlar və tam hazırdırlar. Yeni hücumçunun meydana ilk dəqiqələrdən çıxıb-çıxmayacağı ilə bağlı qərarı son məşqdən sonra verəcəyik, amma onun vəziyyəti ürəyimcədir”.

Həmin kateqoriyadan