Gəncədə süni örtüklü meydança istifadəyə verilib

AFFA rəsmilərinin 2021-ci il noyabrın 16-da etdiyi səfərin nəticəsi olaraq, Gəncədə daha bir süni örtüklü meydança bu gün istifadəyə verilib.

Allsport.az saytı xəbər verir ki, Əməkdar bədən tərbiyəsi və idman işçisi, tanınmış uşaq məşqçisi mərhum Konstantin Abramenkonun vaxtilə hazırlıq keçdiyi ərazidə inşa olunmuş meydançanın açılış tədbirində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, regional futbol federasiyaları ictimai birliyinin prezidenti İsgəndər Cavadov və digər rəsmi şəxslər, eləcə də şəhər futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

Süni örtüklü meydançanın rəmzi açarı Niyazi Bayramova təqdim olunub. Tədbirdə Gəncə futbolunun yetirmələri olan Zakir Süleymanovun 85, Tofiq Əliyevin 75, Novil İsmayılovun isə 70 illik yubileyi münasibətilə yubilyarlarla görüş keçirilib, onlara AFFA-nın xatirə hədiyyələri verilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov futbol veteranları ilə söhbətləşib, Gəncədə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.Futbol ictimaiyyətinin nümayəndələri süni örtüklü meydançanın inşası ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib.

Həmin kateqoriyadan