“Hayduk” Ruslanı təqdim etdi, futbolçumuz nömrəsini seçdi

Xorvatiyanın “Hayduk” klubu Azərbaycan yığmasının və “Neftçi”nin hücumçusu Ruslan Qurbanovu transfer etməsini rəsmən ictiamiyyətə açıqlayıb. Allsport.az xəbər verir ki, sözügedən komanda klub saytı vasitəsilə futbolçumuzu mövsümün sonunadək icarəyə götürdüyünü açıqlayıb. 23 yaşlı oyunçu ilə yayadək müqavilə imzalanıb.

Lakin müqavilədə belə bir bənd də var ki, Xorvatiya klubu onu bəyənsə, yayda iki illik müqavilə ilə onun transfer hüququnu tam ələ keçirə bilər. Ruslan bu keçidi ilə bağlı yeni klubunun saytına açıqlama da verib: “Hücumda oynayıram. Amma sol cinahda oynamağı daha çox sevirəm. Bütövlükdə isə məşqçilər məni hücumun istənilən mövqeyində oynada bilər”.

Klub saytı Ruslanın əsas keyfiyyəti kimi onun sürətli oyunçu olmasını göstərib və qeyd ediblər ki, futbolçumuz bir müddət öncə “Hayduk”la yollarını ayıran Jan Evrard Kouassijaya əvəzləyici kimi gətirilib. Artıq millimizin forvardı nömrə seçimini də edib. O, “Hayduk”da 7 nömrə ilə çıxış edəcək.

Qurbanovun Dağıstanda anadan olduğunu diqqətə çatdıran klub saytı onun Split və “Hayduk”u yaxşı tanıdığını da vurğulayıb: “Bilirəm ki, “Hayduk” böyük klubdur və azarkeşlər qarşısında böyük məsuliyyət daşıyıram. Özümə inanıram. “Hayduk”un mənə verdiyi bu şansdan yararlanmağa və ümidləri doğrultmağa çalışacağam”.

Sonda onu da qeyd edək ki, “Hayduk” ötən gün Xorvatiya çempionatında növbəti matçını keçirib. 21-ci tur çərçivəsində səfərdə “Riyeka” ilə qarşılaşan futbolçumuzun komandası 0:3 hesabıyla uduzub. Ruslan bu qarşılaşmanın iştirakçısı olmayıb. Hesabından 3 xal silinən və 32 xala malik olan “Hayduk” 10 komanda arasında üçüncüdür.

Həmin kateqoriyadan