“İnter” tilsimi qırdı – “bankçılar” 3-cü mərhələdə!

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi cari mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “İnter” də növbəti sınağına çıxıb.

Ölkə çempionatının gümüş mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Paytaxt klubu Albaniya “Laçi”sini çətinliklə də olsa (səfərdə 1:1, evdə 0:0), mübarizədən kənarlaşdırmışdı.

“İnter” bu mərhələdə daha güclü İslandiya “Hafnarfyordur”u ilə mübarizə aparırdı. Səfərdə keçirilmiş ilk oyunda 2:1 hesabıyla üstün olmuş bakılıların mərhələ keçmək şansı kifayət qədər yüksək idi. Sadəcə, bunun üçün ev oyununda ən azı uduzmamaq yetərliydi. Əks halda bu, bağışlanmaz olacaqdı. Qarşılaşmada hesabı ilk yarının sonlarında məhz “İnter” açsa da, islandlar fasilədən sonra qısa müddət ərzində önə keçməyə nail oldular.

Qalan vaxt ərzində hesab dəyişmədiyindən, əlavə vaxt təyin olundu. Əlavə vaxtın ilk dəqiqəsindəcə matçda tarazlıq yaradan bakılılar ümumi hesabda önə keçdiyindən, üçüncü təsnifat mərhələsinə də məhz “bankçılar” vəsiqə qazandı.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(cavab matçı)
23 iyul

“İnter” – “Hafnarfyordur” – 2:2
Qollar: A.Hüseynov, 45+1, R.Əliyev, 91/ T.Valdimarsson, 47, K.F.Finnboqason, 52

Həmin kateqoriyadan