Azərbaycanda üzləşdiyi problemlərdən ölkəsinin mətbuatına danışdı

“İnter”in prezidenti Georgi Nikolov Bolqarıstan mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Bolqarıstan – Azərbaycan matçını izləməyə gəlməyəcəksiniz? Azərbaycan mətbuatında yazılanlara inansaq, sizin ölkəni tərk etməyinizə qadağa qoyulub?
– Bolqarıstan – Azərbaycan matçını həqiqətən də izləmək istəyirdim. Lakin şəxsən mənimlə bağlı maneə var. Belə ki, məni şahid kimi Azərbaycan Daxili İşlər Nazirliyinə çağırdılar. Məhz şahid kimi mənə tapşırdılar ki, ölkəni tərk edə bilmərəm.

– Deməli, sizi heç nədə ittiham etmirlər və sadəcə, şahidsiniz?
– Doğrudur. Sadəcə, Azərbaycan Daxili İşlər Nazirliyindən “şahid olduğun üçün burada qalmalısan” dedilər. Çünki istintaq gedir.

– Sizin heç nədə günahınız olmadığı halda ölkəni tərk etməyinizə qadağa qoyulması qəribə deyilmi?
– Bəli. Həm də mən bilirəm ki, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var. Yəni mən Bolqarıstanda da şahid ola bilərəm. Üstəlik, Azərbaycanda qalma müddətim də başa çatmaqdadır və vəziyyət mürəkkəbdir. Gedə də bilmirəm, qala da. İki gün öncə miqrasiya orqanları vizamın müddətini uzatmaq üçün sənədlərimi aldı. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri dəqiq bilinmir.

– Siz hələ də “İnter”in prezidentisiniz?
– Bəli. Sizinlə də məhz öz ofisimdən söhbət edirəm. Mənim öhdəliklərim var və bunu yerinə yetirməliyəm.

– Klubdakı vəziyyəti nəzərə alsaq, getməyi arzulayırsınız, ya qalmağı?
– Klubun sahibinin dəyişmə prosesi gedir. Tezliklə bu proses yekunlaşacaq. Klubun yeni sahibkar yeni komanda qurmaq arzusunda ola bilər. Belə olan halda Azərbaycanı tərk etməkdən başqa çarəm qalmayacaq.

– Bu məsələ ilə bağlı ali orqanlara müraciət etmisiniz?
– Bolqarıstanın Azərbaycandakı səfirliyinə hələ avqustun əvvəllərində müraciət etmişdim. Səfir Mayya Xristova problemin həlli üçün əlindən gələni edəcəyini bildirdi. O, həmçinin məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini məlumatlandıracağını da söylədi.

– Nəticəsi nə oldu?
– Hələ gözləyirəm.

– Nəyə ümid edirsiniz ki?
– Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərara. Eyni zamanda Bolqarıstan hökumətindən də kömək gözləyirəm.

– Azərbaycanda hansısa probleminiz olmuşdu?
– Xeyr, heç vaxt. Əksinə, yerli əhali və qurumlarla isti münasibətlərimiz olub. İş prosesində daim onların tam dəstəyini hiss etmişəm. Burada çoxlu dostum var. Amma son baş verənlər… Klubun təsisçisi və sahibi olan bankla holdinqin idarəçiliyində dəyişiklik edildi, audit və araşdırmalara başlanıldı. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşdü. Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidir.

– Sizi ən çox narahat edən nədir?
– Narahatlığım qeyri-müəyyən durumda olmağımla bağlıdır. Hər bir ölkədə olduğu kimi, burada da yaşamaq üçün razılıq olmaldıır. Amma hələ razılıq verilməyib. Bundan başqa, ölkəni tərk edərək şəxsi və işgüzar məsələlərlə bağlı səfərlərdə ola bilmirəm.

Həmin kateqoriyadan