Kaxaber Sxadadze: “Azərbaycanda çalışdığım dövr mənim üçün əzizdir”

“Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadze çempionlar liqasının birinci təsnifat mərhələsinin “Neftçi” ilə oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, o, konfransa bu sözlə başlayıb:

“Əziz dostlar, hörmətli müxbirlər, xüsusən də Azərbaycandan gələnlər, hamınızı salamlayıram. Sizi burada görmək xoşdur. Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim qalıb. O dövrlər mənim üçün əzizdir, orada yaxşı vaxtlar keçirdik. Çox şadam ki, biz bir aradayıq. Təbii ki, qarşıdakı oyun hər iki tərəf üçün vacib matçdır. 

Mən Azərbaycanda çalışdığım dövrdəki çempionatın səviyyəsi yüksək idi. Həmin dönəmdə 5-6 yüksək büdcəli, yüksək səviyyəli klublar var idi. Hansı ki, çempionluq uğrunda mübarizə aparırdı. “Neftçi” də hər zaman çempionluq üçün mübarizə aparıb.

Samir Abbasov baş məşqçi təyin olunandan sonra, uzun illərin ardından çempion olub, “Qarabağ”ın hegemonluq dövrü bitdi. Keçmişlə indiki liqanı müqayisə edə bilmərəm. Çünki yaxından tanış olmaq lazımdır. Mən isə o liqada iştirak etmirəm. Sadəcə, indiki rəqibimiz “Neftçi”dir deyə, onları araşdırmışıq”.

Həmin kateqoriyadan