Kazbek Tuayev: “4 namizəddən birini seçəcəyik”

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Allsport.az sizi həmin müsahibə ilə taış edir.

– İK-nın toplantısında Robert Prosineçkiyə səs verəcəksiniz?
– Gəlin tələsməyək. Orada dörd namizəd müzakirə olunacaq. Onlardan birini seçəcəyik. İndi nəsə deyə bilmərəm. Bəlkə, digər namizədlər arasında Joze Mourinyo da olacaq.

– Bəs digər namizədlər kimlərdir?
– Dekabrın 3-də bilinəcək. Müzakirələr aparacağıq, sonda ən yaxşı variantı seçəcəyik. Amma məlum amillər var ki, o, xorvat mütəxəssisə əlavə üstünüklər qazandırır. Mən onun Azərbaycanda çalışmaq arzusunu dəstəkləyirəm. Amma iclasda məsələ qaldıracağam ki, xorvat mütəxəssisin köməkçiləri yerlilər olsun.

– Bəs U-21-in baş məşqçisi ilə bağlı nə düşünürsünüz?
– Mən qətiyyətlə Bernard Lippertə və əcnəbi məşqçilərə qarşıyam. Artıq yerli mütəxəssislərə şans vermək lazımdır.

– Kimə?
– Bir neçə namizədim olacaq. Yunis Hüseynov, Vidadi Rzayev, Vəli Qasımov və Mahmud Qurbanovun adını çəkə bilərəm.

– Bəs rəhmətə getmiş Ələkbər Məmmədovun əvəzində İK-nın boş qalan üzvlüyünə kimin namizədliyini irəli sürəcəksiniz?
– Onu ancaq AFFA-nın konfransında təyin etmək mümkündür. Həmin konfransda həm də AFFA-nın prezident postuna seçkilər keçiriləcək. Yalnız onda İK-nın yeni heyəti müəyyənləşəcək.

– İsgəndər Cavadov İK-nı tərk etməyəcək?
– İlk dəfədir bunu eşidirəm. Niyə tərk etməlidir ki?

– Məşqçilər Korpusu barədə nə düşünürsünüz?
– Bu, sovet sistemidi. Qoy işləsinlər, baxaq görək nə alınacaq.

– Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Şahin Diniyev və Vaqif Sadıqova daha kimi məsləhət görərdiz?
– Maşallah Əhmədovu. Fikrimcə, digərlərindən heç də pis deyil.

– “Qarabağ”ın Milan “İnter”i ilə oyunundan nə gözləyirsiniz?
– Bu oyunu Azərbaycan futbolu tarixindəki ən vacib oyunlardan saymaq olar. Çox çətin olacaq. Amma yaxşı nəticəyə nail olmaq olar. Qurban Qurbanova uğurlar arzulayıram.

Həmin kateqoriyadan