Kirilo Petrov: “Uypeşt” keçilməz deyil

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, təlim-məşq toplanışı haqda danışan ukraynalı futbolçu, Avropa liqasının 1-ci ələməsində püşkün nəticəsini dəyərləndirib.

– Artıq 5 gündür Türkiyədə təlim-məşq toplanışı davam edir. Hazırlıq necə keçir?
– Hər şey əladır. Yeni baş məşqçinin rəhbərliyi altında məşqlər maraqlı keçir. Qarşıdakı oyunlara ciddi hazırlaşırıq.

– Yeni baş məşqçi Roberto Bordin haqda nə deyə bilərsən?
– Yaxşı, ixtisaslı mütəxəssisdir. Təcrübəli və istəkli olduğu dərhal görünür. Hesab edirəm ki, onun rəhbərliyi ilə oynamaq maraqlı olacaq.

– Çoxdandır avrokuboklarda çıxış etmirsən. Avropa liqasında meydana çıxmaq, avrokubok abu-havasını yaşamaq üçün alışıb-yanmırsan ki?
– Əlbəttə, avrokubok həyəcanını mümkün qədər tez yaşamaq istəyirəm. Başqa bir ölkədə başqa bir çempionatın başqa bir komandasına qarşı oynamaq maraqlıdır. Başqa çempionatla müqayisədə Azərbaycan çempionatını, öz gücünü yoxlamaq yaxşı olardı. Fikrimcə, bizim komandada çoxları uzun müddətdir avrokuboklarda iştirak etmirlər. Buna görə də hamımız üçün maraqlı olacaq.

– Püşkün nəticəsini necə dəyərləndirirsən? “Uypeşt”lə oyunlardan nə gözləyirsən?
– Təbii ki, rəqibə hörmətlə yanaşırıq. “Uypeşt” ciddi rəqibdir, amma keçilməz deyil. Öz oyunumuzu göstərsək, növbəti mərhələyə adlaya biləcəyik. Buna görə də çox ciddi hazırlaşmalıyıq.

– Avrokubok oyunu öncəsi azarkeşlərə nə sözün var?
– İstərdim ki, azarkeşlərimiz ilk oyundan başlayaraq sonadək bizi dəstəkləsinlər. “Neftçi”nin çoxdandır avrokuboklarda oynamadığını nəzərə alaraq “Dalğa Arena”ya gəlib, tribunaları doldursunlar. Yeni baş məşqçi və yeni futbolçularla bizim necə azarkeşlərimizin olduğunu görmək çox xoş olacaq.

Həmin kateqoriyadan