Kristian Ştrayx: Mən uduzsaydım, inanmıram ki, belə danışa bilərdim

“Frayburq”un baş məşqçisi Kristian Ştrayx, həmkarı Qurban Qurbanov barədə fikrini deyib. Allsport.az saytı xəbər verir ki, o, Avroliqanın son turunda səfərdə “Qarabağ”la 1:1 bitən görüşlə bağlı bunu söyləyib: “Vaxtım olsa, “Qarabağ”ı konfrans liqasında izləyəcəyəm. Komandada sağlam ab-hava var. Oyunlardan əvvəl izləyəndə görürdüm ki, “Qarabağ” hər qol vuranda ehtiyat oyunçular, məşqçilər heyəti – hamı sevinir.

Bu göstərir ki, komandada hər şey çox yaxşıdır. Bu, mənim üçün vacib amildir. Möhtəşəm baş məşqçi Qurban Qurbanovun işi mənə çox maraqlıdır. O, 2008-ci ildən burada çalışır. Oyunlardan sonra başa düşdüm ki, niyə uzun müddətdir, bu komandadadır. Hazırda kifayət qədər oyunçumuz var. Həddən çox futbolçunu komandaya cəlb edə bilmərəm. Kadi Borges, Ovusu Kvabena və Abdullah Zubir çox güclü oyunçulardır”.

O, matçdan sonra Qurban Qurbanovla ayaqüstü söhbətinə də toxunub. “Biz həmkarıq. Səmimi və dost kimi danışdıq. İlk oyundan sonra mənə müsbət emosiya ilə yanaşmışdı. Mən uduzsaydım, inanmıram ki, belə danışa bilərdim. Bəlkə, final fitindən sonra birbaşa paltardəyişmə otağına yollanardım”.

Həmin kateqoriyadan