Əmrah Çəlikəl: “Məqsədimiz, bayrağımızı daha irəli aparmaqdır, daha yaxşı nəticələr qazanmaqdır”

Bu gün “Alov qüllələri” mehmanxanasında “Qarabağ” klubu tərəfdaşı “Sirab” şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi imzaladı. Allsport.az saytı xəbər verir ki, tədbirdən sonra Ağdam komandasının idman direktoru Əmrah Çəlikəl jurnalistlər üçün brifinq keçirdi. O, ölkə futbolunda tarix yazdıqlarını – ilk dəfə Azərbaycan klubları arasında 2 ulduza sahib çıxdıqlarını qeyd etdi və bunun yaxın gələcəkdə daha çoxalmasına çalışacaqlarını söylədi.

– Təbrik edirik. Vaxtından əvvəl çempionluğu təmin etdiniz. Qarşıda avrokuboklar gözləyir. Necə hazırlaşacaqsız və hansı hədəflər olacaq?
– Əlbəttə, çox sevindirici haldır ki, öncədən çempion olduq. Bu, sevinc çox gözəldir. Həmişə öz aramızda danışırıq. Bunun məsuliyyəti çox böyükdür. Çünki biz Azərbaycanı təmsil edirik. Bu günə qədər qazandığımız nəticələri, ən azından, öncəki ildəki ilə təkrarlaya bilirik. Məqsədimiz, bayrağımızı daha irəli aparmaqdır, daha yaxşı nəticələr qazanmaqdır. Hamımız işimizə bu məsuliyyətlə yanaşırıq. Proqramlarımız hazırlanır. Avrokuboklarda püşkün də böyük rolu var. Rəqiblərin kim olacağı önəmlidir. Allah qoysa, əlimizdən gələni edəcəyik.

– Yeni transferlər olacaq?
– Sözsüz ki, olacaq. Amma biz bu barədə heç vaxt danışmırıq. Bu, baş məşqçi Qurban Qurbanovun səlahiyyətindədir. Olacağını bilirik. Amma bu gün nə ad çəkə, nə də ayrı bir məlumat verə bilərəm.

– Sirr deyilsə, Qurban Qurbanov neçə transfer istəyib?
– Sirr deyil, amma bilmirəm.

– Mətbuatda “Qarabağ”ın yüksək ödənişli futbolçular transfer edəcəyi yazılır. Bu haqda nə deyə bilərsiniz?
– “Qarabağ”ın bir standartı var. Heyətimizdə olan futbolçulara nə qədər ödəyiriksə, yeni gələnlərə də o qədər ödəyəcəyik. Həmişə belə olur. Tarazlığı qoruyacağımıza inanıram.

– Əmrah bəy, 10-cu çempionluq ilə Azərbaycanda 2-ci ulduzu taxan ilk komanda oldunuz. Növbəti mövsümlərdə 3-cü ulduz sizin üçün nə dərəcədə motivasiya rolu oynaya bilər?
– Allaha şükürlər olsun, əlbəttə, bu bizləri artıqlaması ilə sevindirir. Motivasiya cəhətdən bəli, ancaq məsuliyyət daha böyükdür. Biz hər zaman daha yaxşı nəticələr qazanmalıyıq. Bunun da özü-özlüyündə 3-cü ulduzu gətirəcəyinə inanıram. İnşallah, burada sizinlə 3-cü ulduzu da birgə qeyd edərik.

– Yeni transferlərlə bağlı bir az üstüörtülü danışdınız. Bəs ayrılacaq futbolçularla barədə nə söyləyə bilərsiniz? Mətbuatda bir neçə aparıcı heyət üzvünün başqa kluba keçəcəyi yazılır?
– İnanın ki, bilmirəm. Bunun üçün bazar günü keçirəcəyimiz oyunu gözləyək. Son matçdan sonra, çox güman ki, daha detallı məlumatlar klub tərəfindən rəsmi şəkildə veriləcək.

Həmin kateqoriyadan