Millimizin üzvləri mərhələ adladı

Millimizin üzvləri mərhələ adladı

Azərbaycan millisinin üzvləri Mahir Əmrəli və Murad Məmmədov komandaları ilə birlikdə UEFA konfrans liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.

Allsport.az xəbər verir ki, Mahir Əmrəlinin çıxış etdiyi Polşa təmsilçisi “Rakuv” 2-ci təsnifat mərhələsinin cavab oyununda Malta klubu “Valletta”nı qəbul edib.

Görüş “Rakuv”un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir 67-ci dəqiqədə, hesab 3:0 olarkən meydana daxil olub.

İki oyunun nəticəsinə əsasən Polşa klubu rəqibini 7:1 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb. “Rakuv” 3-cü təsnifat mərhələsində İsveç təmsilçisi “Hammarbü” ilə qarşılaşacaq.

Kipr təmsilçisi “Pafos”un formasını geyinən Murad Məmmədov da komandasının uğurunda pay sahibi olub. Kipr klubu UEFA Avropa liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk”unu 4:0 hesabı ilə məğlub edib.

İlk görüşdə 0:2 hesabı ilə uduzan “Pafos” əsas vaxtı eyni hesabla qalib başa vuraraq oyunu əlavə vaxta daşıyıb. Əlavə 30 dəqiqədə daha iki qol vuran Kipr təmsilçisi mərhələ adlayan tərəf olub.

Murad Məmmədov 82-ci dəqiqədə, hesab 1:0 olarkən meydana daxil olub.

“Pafos” 3-cü təsnifat mərhələsində Avstriyanın “Zaltsburq” klubu ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan