Miloş Bosançiç: Düşünürəm ki, bu mövsümün çempionu “Neftçi” deyil, “Qarabağ” olacaq

“Sabah”ın legionçusu Miloş Bosançiçin müsahibə verin. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanı ümumi dəyərləndirib, “Qarabağ”ı çempion görüb.

– “Neftçi” ilə oyunda doğma meydanda uduzdunuz. Halbuki, rəqib oyunun çox hissəsini azlıqda keçirdi…
– “Neftçi” 2 qol vurdu. Bu qollardan biri erkən gəldi. Ondan sonra rəqib müdafiə olunmağa başladı. Biz də düzgün istiqamətdə hücumlar qura bilmədik. Səhvlər etdik. Bunun nəticəsində uduzduq.

– “Qarabağ”la matçda daha yaxşı oynamışdınız. Səncə, “Neftçi” bu mövsüm daha güclüdümü?
– “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdı. Buna yüz faiz əminəm. Düşünürəm ki, bu mövsümün çempionu “Neftçi” deyil, “Qarabağ” olacaq.

– Sabah kubokda “Ağsu”ya qarşı oyununuz var…
– Sabahkı matçda meydanda olmayacam. Səbəb zədəmdir. Ayağımda zədə var və biz risk edə bilmərik. Çünki həftəsonu “Keşlə”yə qarşı çox vacib oyunumuz olacaq. Həmin matçda 3 xal qazanmalıyıq.

– Son 4 oyunda qələbəniz yoxdur. Bu, sizi narahat etmir?
– Düzdü, son 4 oyunda qalib gələ bilməmişik. Məncə, bunun əsas səbəbi matçların çoxunda Marko Deviçin meydana çıxmamasıdı. Çünki o, bizim üçün çox vacib oyunçudur. Bundan sonrakı oyunlarda meydana çıxsa, daha çox xal qazanacağıq.

– Artıq çempionatın ilk yarısı başa çatır. İlk mövsümünün ilk hissəsini necə dəyərləndirirsən?
– Düşünürəm ki, mənim üçün yaxşı oldu. “Sabah”a, çempionata adaptasiyam rahat keçdi. Üstəlik, komandamız aşağı pillələrdə deyil, yuxarı yerlərədir. Ümid edirəm ki, qışdan sonra daha az zədəm olar və daha çox meydana çıxaram.

– Adətən çempionatların ikinci yarısı daha maraqlı olur. Sən bu mövzuda nə düşünürsən?
– Klublar daha keyfiyyətli legionçular alsalar, çox yaxşı olacaq. “Sabah”da heyətini gücləndirsə, təbii ki, pis olmaz. Əks-halda biz bu heyətlə əsas hədəfimiz olan liqada qalmaq vəzifəsini yerinə yetirməyə çalışacağıq (futbolinfo.az).

Həmin kateqoriyadan