Mübariz Mənsimov: İstanbulda Məhəmməd Əminin parkının salınmasına çalışacağam

“Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adını İstanbulda əbədiləşdirəcək. Allsport.az saytı xəbər verir ki, tanınmış ulu öndərin adına parkının salınacağını özünün Feysbuk səhifəsində elan verib:

“Kapitanların necə fırtınalarla üzləşdiyi kimsəyə maraqlı deyil. Əsas onun gəmini sahilə necə çatdırıb-çatdırmamasına baxılır və qiymət ona görə verilir. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları 100 il öncə bu millətin qəlbində elə bir istiqlal atəşi yandırdılar ki, heç bir güc onu söndürə bilmədi.

Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyini görməyə ömrü yetməsə də, toxumların cücərməsi üçün mübarizəsini son nəfəsini verənə – 6 mart 1955-ci ilə qədər dayandırmadı. Bu gün başımız üzərində dalğalanan üç rəngli bayraq durduqca, Rəsulzadəni sayğı və sevgi ilə xatırlayacağıq. Könül istərdi ki, Şərqin ilk cümhuriyyətini quran kişinin adı türk dünyasının hər bir ölkəsini bəzəsin.

Ancaq mən öz növbəmdə “Rəsulzadə” gəmisini istifadəyə verməklə bərabər, İstanbulda Məhəmməd Əmin Rəsulzadə parkının salınmasına çalışacağam. Ruhun şad olsun, böyük lider!”

Həmin kateqoriyadan