“Neftçi” – “Qarabağ” oyunu ilə bağlı xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə premyer liqada sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı xoşagəlməz müzakirələr gedir. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatının keçirilməsinə cavabdeh olan PFL bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq.

Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan Peşəkar Futbol Liqası oyuna ən azı 2 saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir.

“Neftçi” – “Qarabağ” matçı sabah, saat 18:00-da start götürəcək. Qeyd: Oruc tutan şəxslər üçün stadionda “Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.

Həmin kateqoriyadan