“Ölkə başçısının “Qarabağ”ı Azərbaycan futbolunun flaqmanı adlandırması bizi qürurlandırdı”

“Azərbaycan prezidenti İlham Əliyev ilə görüş çox möhtəşəm oldu. Dövlətimizin başçısı klubumuza dəstəyini və inamını ifadə etdi. Prezident İlham Əliyevin “Qarabağ”ı Azərbaycan futbolunun flaqmanı adlandırması, ölkəmizi tanıdan, tarixi Zəfərdən sonra Qarabağ adını uca tutan klub olduğunu vurğulaması bizi qürurlandırdı”.

Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl dekabrın 13-də jurnalistlərə müsahibəsində deyib. O, dövlət başçısının konfrans liqasında İsveçrədə “Bazel”ə qarşı keçirilən qrup matçında “Qarabağ”ın üzləşdiyi hakim ədalətsizliyinə də diqqəti cəlb etdiyini vurğulayaraq deyib:

“Prezidentimiz bu hadisədən böyük təəssüf hissi yaşadığını və bu haqsızlıqla barışa bilmədiyini bildirdi. Bizə dedi ki, işinizi davam etdirməlisiniz. Amma bu ədalətsizliyi qəbul etmək mümkün deyil. Dövlət başçısı bizi hər zaman olduğu kimi dəstəklədiyini və komandanın arxasında olduğunu söylədi. Bildirdi ki, Azərbaycan xalqı “Qarabağ”ın uğurlarından xəbərdardır, yolunuza davam edin”.

Klub prezidenti dövlətimizin başçısı ilə görüşdə Ağdam şəhərindəki “İmarət” stadionu ilə bağlı da müzakirələr aparıldığını qeyd edərək deyib: “Prezident İlham Əliyev dövlət qurumlarına, gənclər və idman nazirinə arena ilə bağlı işlərin davam etdirilməsi barədə tapşırıq verdi. Bizə bildirdi ki, tələsməyin, oraları bərpa edəcəyik. Dövlət başçısı “Qarabağ”ın Ağdamda oyunlar keçirməsini istədiyini vurğuladı. Çox səmimi görüş oldu və bu, bizi ruhlandırdı”.

Jurnalistlərə müsahibəsində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatması ilə bağlı da fikirlərini bölüşən T.Gözəl bildirib: “Ən böyük arzum “Fənərbağça” ilə qarşılaşmaqdır. Bu, mənim uşaqlıq xəyalımdır. Bəlkə, iki qardaş ölkənin prezidentləri yan-yana oturub oyunu izləyərlər. Yeni rekordlara imza atmaq istəyirik. “Ankaragücü” ilə də yaxşı münasibətlərimiz var. Çünki Ankarada yaşamışam. Bir futbolçumuzu bu komandaya icarəyə vermişik”.

Həmin kateqoriyadan