“Problem bizdə deyil, onlarda idi”

Avropa liqasının “H” qrupunun 3-cü turu çərçivəsində Leverkuzendə “Bayer” – “Qarabağ” oyunundan (5:1) sonra, komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, o, böyük hesablı yenilgi barədə bunu deyib:

“Çox yaxşı komandaya məğlub olduq. Rəqib öz oyunu ilə bir daha göstərdi ki, həm bundesliqada, həm Avropa liqasının qrupunda liderdir. Bu komandanı təbrik edirəm. Belə futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik.

Futbolçularım çox zəhmət çəkdilər. Müdafiədən oynamaq istəmirdik. Təbii ki, boşluqlar verdik. Rəqib topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də görmüşdük, bilirdik. Bir daha şahid olduq ki, səviyyə fərqi var və nəticə göstərdi ki, onlar bizdən çox yuxarıdadırlar.

Bu gün 5 qol vurdularsa, bu onların bacarığıdır, ustalığıdır. Problem bizdə deyil, onlarda idi. “Bayer” həddindən artıq yaxşı komandadır. Yaxşı qurulmuş heyətə malikdirlər. Heç bir xətdə ustalıq səviyyəsi aşağı olan futbolçu yox idi. Öz oyun sistemlərini çox yaxşı yerinə yetirirdilər. Bu, komandanın ciddiliyini göstərir”.

Həmin kateqoriyadan