“Prosineçki ilə bağlı qərarımı qətiləşdirməmişəm”

Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində “Qarabağ”ın Avroliqadakı “Sent Etyen”lə səfər matçı, milliyə yeni baş məşqçinin təyinatından danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Qarabağ”ı səfərdə “Sent-Etyen”lə çətin səfər matçı gözləyir. Komandamızın şanslarını necə qiymətləndirirsiniz?
– Azərbaycan çempionu cari mövsüm Avroliqada çox yaxşı mübarizə sərgiləyir. Fransada komandamızı çətin oyun gözləyir. Səfərdəki “Sent-Etyen” Bakıdakı komandadan tam fərqli oyun göstərəcək. Azərbaycana gələndə onlar maksimum güclərini göstərmədilər. Üstəlik, “Qarabağ”dan belə yaxşı oyun gözləmirdilər. İndi bizə qarşı daha yaxşı hazırlaşacaqlar. Bu mənada şanslar bərabərdi. “Qarabağ” artıq təcrübəyə malik komandadır. Biz futbolçularımızdan yaxşı nəticə gözləyə bilərik.

– İndiki halda komandamızın pley-offa çıxmaq imkanı da var…
– Bu barədə danışmaq tezdir. Belə fikirlərlə komandaya mane ola bilərik. Çumbinyo, Reynaldonun olmaması rəqibin xeyrinədir. Bununla belə zədəliləri əvəz edəcək futbolçuların olduğuna inanıram. İndiki halda “Qarabağ”ın cari mövsüm Avroliqada çıxışına yaxşı qiymət vermək olar. Komandamız Ukraynada qələbə qazandı. Heç bir rəqibdən çəkinmədi. Unutmayaq ki, Azərbaycan futbolu Fransadan çox geri qalır. Çempionumuz Avroliqada belə oynayırsa, buna yalnız sevinmək olar.

– Belə çıxır ki, Azərbaycan və Fransa futbolunu “Qarabağ” və “Sent Etyen”in timsalında müqayisə etmək çətindir…
– Azərbaycan və Fransa futbolunu yalnız yuxuda müqayisə etmək olar. Klublarımızın səviyyəsinə gəldikdə, “Qarabağ” Bakıdakı oyunda rəqibdən daha yaxşı oynadı. Sadəcə, Fransa təmsilçisi daha təcrübəlidir. “Qarabağ” ilk dəfə Avroliqada çıxış edir. Bu amili unutmaq olmaz.

– “Qarabağ”ın sabit çıxışının yeni mövsümdə də davam etməsi üçün nə etmək lazımdır?
– Baş məşqçi Qurban Qurbanov yaxşı komanda formalaşdırıb. Sabit çıxışı davam etdirmək üçün nə lazım olduğunu bilir. Müəyyən dəyişiklik ola bilər. Gələcəkdə heyət bir qədər də güclənməlidir. Gələn yay azarkeşlər “Qarabağ”dan yenə uğur gözləyəcək. Odur ki, komanda ümidləri doğrultmalıdır.

– Milli komandamızla bağlı danışmaq istərdik. Robert Prosineçkinin milliyə təyinatını gözləyirdinizmi?
– Azərbaycan millisində indiyə qədər iki əcnəbi çalışıb. Karlos Alberto və Berti Foqtsu nəzərdə tuturam. Bu, millidə üçüncü əcnəbi olacaq. Atalar üçdən deyib – belə bir məsəl var. Növbəti dəfə ümidlərimiz yenə əcnəbiyə bəslənəcək. Hərçənd futbolumuzdakı problemləri məşqçilərlə əlaqələndirmək düzgün deyil. Məşqçi məsələsi 50% problem ola bilər. Qalan səhvlər öz futbolumuz və futbolçularımızdadır.

– Yəni Prosineçkiylə yığma düzəlməyəcək?
– Prosineçki nə edə bilər? Əgər millidə rəqabət yoxdursa, son 2 ildə eyni futbolçular komandaya dəvət alırsa, burada məşqçilik iş yoxdur. Yeni futbolçular hazırlanmır. Uşaq futboluna diqqət azdır, üstəlik ölkə çempionatının səviyyəsi hamıya məlumdur. Milliyə futbolçu çempionatda hazırlanır. Baş məşqçi məhz klublarda seçimlərini edir. Bu gün ölkədə hazır futbolçular azdırsa, məşqçi heç nə edə bilməyəcək.

– Siz dekabrın 3-də İcraiyyə Komitəsində Prosineçkinin lehinə səs verəcəksiniz?
– Bu barədə düşünməliyəm. Hələ iclasa bir neçə gün var. Sadəcə, qərarımı qətiləşdirməmişəm. Bilmirəm, lehinə, yoxsa əleyhinə səs verəcəm. Prosineçkiylə bağlı müzakirələrə ehtiyac var. Yeni məşqçidən dərhal uğur gözləmək də real deyil. Problemlərimiz məşqçi təyinatıyla həll olunmur.

– Deməli, siz Prosineçkinin əleyhinə də səs verə bilərsiniz?
– İcraiyyə Komitəsində mənim səsim hər şeyi həll etmir. Qərarımdan asılı olmayaraq söz sahibi çoxluqdur. Digər üzvlər lehinə səs versə, Prosineçki baş məşqçi kimi təsdiqlənəcək. Mənim qərarım çox şeyi həll etmir. Amma iclasa qədər müəyyən vaxt var. Qərarımla bağlı düşünməyə ehtiyac var.

Həmin kateqoriyadan