“Qəbələ” “Alkmaar”a qalib gəldi

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada keçirilən “Teksel Cup” turnirində mübarizəyə başlayıb. Allsport.az xəbər verir ki, martın 23-dən “Zanbaqlar ölkəsi”ndə olan Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda turnirin ilk oyun günündə 3 matça çıxıb.

Hollandiyanın şimalında yerləşən Teksel adasında keçirilən yarışda 6 komanda dairəvi sistemlə mübarizə apardığından iki gün davam edən turnirin birinci günündə 3 tur keçirilib. “Qəbələ” ilk qarşılaşmada “Tvente” ilə üz-üzə gəlib. Məhəmməd Məhərrəmovun fərqləndiyi matçda hollandiyalılar qalib gəlib – 2:1. “Qırmızı-qaralar” ikinci oyununda “Qroningen”lə qolsuz heç-heçəyə nail olub. “Alkmaar”la görüşdə 1:0 hesabı ilə qalib gələn komandamıza 3 xalı İbrahim Camalovun qolu qazandırıb. Sabah “Qəbələ” daha iki oyun keçirəcək. “Qırmızı-qaralar” əvvəl “Feyenoord”, ardınca “Teksel-94” ilə qarşılaşacaq.

Qeyd edək ki, “qırmızı-qaralar” turnirdən əvvəl “Feyenoord”la yoxlama oyununda qüvvəsini sınamışdı. Həmin matçda Rotterdam təmsilçisi qalib gəlmişdi – 3:2.

Həmin kateqoriyadan