““Qəbələ” də rəqib qədər keyfiyyətlərə malikdir”

Konfrans liqasının 2-ciI təsnifatının cavab oyununda “Qəbələ” sabah evdə Macarıstanın “Fehervar” klubunu qəbul edəcək. Allsport.az saytı, mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin fikri ilə tanış edir:

“İlk qarşılaşmada məğlub olsaq da, sabahkı matça hazırıq. Düşünürəm ki, komanda əlindən gələndən artığını edəcək. Öz azarkeşlərimiz qarşısında oynayırıq və onları sevindirməyə çalışacağıq. Ümumi götürsək, komandanın səfərdəki ilk matçda nümayiş etdirdiyi oyundan məmnun qaldım. Görüşün müəyyən vaxtlarında futbolçular istədiyimizi maksimum verməyə çalışırdılar.

Oyunçumuzun zədələnməsi də komandaya təsir etdi. İlkin Qırtımov əsas futbolçularımızdan biridir. Onun meydandan çıxması oyun planında balansı pozdu. Rəqibi də fərqləndirərdim. “Fehervar” çox keyfiyyətli, yaxşı heyətə malik kollektivdir. Amma yenə vurğulayıram ki, “Qəbələ” də rəqib qədər keyfiyyətlərə malikdir.

Düşünürəm ki, sabah hər iki tərəfi maraqlı matç gözləyir. Turnirə başlamamışdan əvvəl də heyətimiz çox geniş deyildi. İlkin Qırtımovun durumu hələ sual olaraq qalır. Qarşıda son məşqimiz var. Ümid edirik ki, bu məşqdən sonra müsbət qərar veriləcək”.

Həmin kateqoriyadan