“Qəbələ” yeni baş məşqçisini rəsmən açıqladı

“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, Dorinel Muntyanunun istefasından sonra boş qalan posta ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.

Klub saytının yaydığı rəsmi məlumata görə, Qriqorçuk ilə 1,5 illik müqavilə imzalanıb.

Futbolçu kimi 5 ölkədə çıxış edən 49 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-94) və “Krivbass” (1996-97), Avstriyada “Sankt-Pelten” (1994-95), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn”un (1996-97) şərəfini qoruyub. 1998-ci ildə Latviyaya üz tutan Qriqorçuk “Dinaburq”da 2 il futbolçu, eyni zamanda, baş məşqçinin köməkçisi olub. 2000-2005-ci illərdə bu klubun baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis 2005-09-cu illərdə Latviyanın digər təmsilçisi “Ventspils”in “sükanı arxasında” olub. Titullarını məhz “Ventspils”də əldə edən Qriqorçuk komandasına 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), iki dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb. Bundan başqa, o, komandasını 2007-ci ildə həm Birlik kuboku, həm də Baltika Liqası finalına daşıyıb. 2009-cu ildə 11 illik Latviya karyerasını başa vurub, Ukraynaya qayıdan Qriqorçuk 2009-10-cu illərdə Zaporojye “Metallurq”unu çalışdırıb. Son klubu Odessa “Çernomorets”i olan mütəxəssis 2010-cu ildən 2014-cü ilin dekabrına qədər bu komandaya rəhbərlik edib. Elə ilk mövsümdə – 2010/11 mövsümündə Odessa klubunu I dəstədən Premyer Liqaya çıxaran Qriqorçuk 2012/13 mövsümündə ölkə kubokunun finalçısı olub. “Çernomorets” çalışdırıcının rəhbərliyi ilə 2013/14 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə qədər yüksəlib.

Evlidir, iki övladı var.

Həmin kateqoriyadan