“Qəbələ”nin baş məşqçisi: Aydın məsələdir ki, indi istədiyimiz vəziyyətdə deyilik

Avropa liqasının 2-ci ələməsinin ilk oyununda “Qəbələ” Bakıda “Yagelloniya” (Polşa) komandası ilə heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında bunu deyib:

“Bu oyunda təəccüblü, pis bir şey olmadı. Oyundan əvvəl də başa düşürdük ki, rəqib güclü komandadır. Təşkilatlanmış, öz üslubu olan rəqibin üstün oyun göstərəcəyini bilirdik. İlk dəqiqələrdən oyuna nəzarəti ələ almaq vacib idi. Bunu bacarmadıq, matçın əvvəlində çox top itirdik. Əsəbi keçən başlanğıcda özümüzə gəlməyə vaxt lazım oldu. “Yagelloniya” cari mövsümdə iki oyun keçirib. Cüzi fərqlər sayılmasa, eyni heyətlə oynayır. Rəqib də öz səviyyəsini göstərdi. Ona görə də biz oyunu ələ almalı idik.

İlqar Qurbanov əvəzlənməyi özü istəmişdi. Bunun səbəbini bilmirəm. Hələ bu haqda onunla danışmamışam. Fiziki hazırlıqla bağlı əvvəllər də problemin olması fikri ilə razı deyiləm. Hazırlığımız həmişə qaydasında olub. Bəzi oyunlarda müəyyən çətinliklər olsa da, fiziki hazırlıq bizim zəif deyil, güclü tərəfimizdir. Aydın məsələdir ki, indi istədiyimiz vəziyyətdə deyilik. Araz Abdullayev bu gün “18-liy”ə düşməmişdi. Ümid edirəm və inanıram ki,  cavab matçında daha yaxşı oynayacağıq. İndi vəzifəmiz sakit, təmkinli olmaqdır. Güclü rəqiblə 1:1 hesablı heç-heçə etmişik.

Hesab fərqli də ola bilərdi. Bu heç-heçəni qanunauyğun hesab edirəm. Yeni oyunçularımız da həmin qarşılaşmada daha yaxşı durumda olacaq. Düşünürəm ki, mərhələ keçmək üçün yaxşı şanslarımız var. Bugünkü qarşılaşmada elə məqamlar oldu ki, onları təhlil etməliyik. Bir futbolçunu müzakirə etmək istəməzdim. Meydana ən hazırlıqlı futbolçuları buraxmışdıq. Əvəzetmələrin də düzgün olduğunu düşünürəm. Cavab matçında da belə olacaq. Hələ 5 məşq günümüz var. Bundan sonra heyət müəyyənləşəcək. Start heyətində dəyişiklik istisna da deyil. Amma bunun olmaması da mümkündür. Belə güclü, sürətli rəqiblə görüşdə ən hazırlıqlıların oynaması vacibdir”.

 

Həmin kateqoriyadan