“Qəbələ”nin baş məşqçisi: “Futbolçularda soyuqqanlılıq çatmırdı”

“Bizi necə oyun gözlədiyini, rəqibin kimliyini bilirdik. Niderland və Azərbaycan çempionlarını müqayisə etmək düzgün olmaz. Amma futbolçularımıza inanırdıq”.

Allsport.az xəbər verir ki, bunu “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov evdə Niderlandın AZ klubuna 0:4 hesabı ilə uduzduqları gənclər liqasının çempionlar yolunun I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, oyunun nəticəsindən asılı olmayaraq, komanda tapşırıqların müəyyən hissəsini yerinə yetirib: “Futbolçularda bir az soyuqqanlılıq çatmırdı. Bir az sərbəst oynasaydıq, qol epizodlarını dəyərləndirsəydik, nəticə fərqli olardı. Komandamız sonadək mübarizə apardı. Bu da məni sevindirir. Önəmli olan da budur ki, futbolçularımız belə komandalarla oynayır, təcrübə qazanırlar. Ən böyük uğur Niderland çempionunu Qəbələyə gətirməkdir”.

Xəlilov cavab oyunu barədə də fikirlərini açıqlayıb: “Oyunçulara tapşırmışdıq ki, öndə pressinq etməyək, müəyyən zonada rəqibi qarşılayaq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu, matçın bəzi hissəsində alındı, bəzisində yox. Cavab görüşündə risk etməliyik. Öndə pressinq etməyi düşünürük. Sürpriz ola biləcəyinə inanırıq. Ümidimizi itirməmişik. Bugünkü oyunda da kifayət qədər qol epizodları yaratdıq”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda” (Rumıniya) – “Anje” (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Həmin kateqoriyadan