Tahir Gözəl: Avrokubokda oynamaq istəyiriksə, indiki halda Ağdama dönüşdən vaz keçməliyik

“Qarabağ”ın prezidenti Tahir Gözəl “Qarabağ”ın Ağdama dönmək ehtimalı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunun çətin olacağını deyib:

“Bu, dövlətin səlahiyyətində olan işdir. Biz gərək başa düşək ki, “Qarabağ”ın bir sponsoru var, o da “Azərsun”. Orada çalışan 17 min insanın zəhməti ilə bu klub ayaqda durur. Həqiqətən çox çətindir. Çünki klubun gəliri çox azdır. UEFA-dan gələn vəsait kifayət etmir. Bizim iki yolumuz var. Ya gərək böyük iddialarımızdan vaz keçək, klubun büdcəsini kiçildib gələn vəsaiti kənara yığaq ki, onda da indiki “Qarabağ”ı görməyəcəyik.

Klub elə səviyyəyə gəlib ki, bunu etməyimiz mümkün deyil. “Qarabağ” adını o səviyyədən götürüb aşağı səviyyəyə düşürmək, sıradan bir kluba çevirmək olmaz. Ona görə düşünürəm ki, bu, dövlətin layihəsidir, dövlətin siyasətidir. Əgər avrokubokda oynamaq istəyiriksə, heç bir futbolçunu Ağdama aparmaq imkanım yoxdur.

Heç bir futbolçuya başa sala bilmərəm ki, gedib Ağdamda oynamalıyıq. Çünki hamısının ailəsi var. Bu mənada bu layihə mənim üçün deyil. Qarabağımız azad olub, amma orada böyük işlər görülməli, infrastruktir qurulmalıdır. Bütün işlər görüləndən sonra gün gələr, biz də buna öz töhvəmizi verərik”.

Həmin kateqoriyadan