“Qarabağ”la oyun sönük keçəcək”

“Qarabağ”ın qələbə şansı daha çoxdur, amma onları matçın açıq favoriti hesab etmək olmaz. “Kayrat” qrupa yaxşı start verməyib, Kipr “Omoniya”sı ilə ilk görüşdə komandanın bəxti gətirmədi”.

Allsport.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın “Kayrat” klubunun sabiq futbolçusu Sergey Politeviç Almatı təmsilçisinin “Qarabağ”a qarşı keçirəcəyi konfrans liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl “sports.kz” nəşrinə açıqlamasında deyib.

Hazırda Belarusda Soliqorsk “Şaxtyor”unun formasını geyinən 31 yaşlı müdafiəçi “Kayrat”ın II turda İsveçrə “Bazel”i ilə görüşdə çətinlik çəkdiyini bildirib: “Onlar “Qarabağ”a problem yaratmaq istəyirlərsə, rəqibi topdan məhrum etməlidirlər. Düşünürəm ki, Qazaxıstan klubu bunu bacarmayacaq. “Kayrat” öz oyununu göstərməli və rəqibdən qorxmamalıdır. Qarşılaşmanın səfərdə keçirildiyini unutmalı, sürətli cinah keçidlərinə ümid etməlidirlər. Bundan əlavə, müdafiədə diqqətli olmaq və bütün şanslardan istifadə etmək lazımdır. Düşünürəm ki, oyun sönük keçəcək, buna görə də az qol olacaq. Qarşılaşma 0:0 və ya 1:0 hesabı ilə başa çatacaq”.

Bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlanacaq.

Həmin kateqoriyadan