“Qırmızı və ya ağ, bizim üçün fərqi yoxdur”

“Qəbələ” premyer liqanın 14-cü turunda doğma meydanda “Turan Tovuz”u 4:0 məyus etdi. Allsport.az saytı xəbər verir ki, 3 qolla komandasının qələbəsində böyük pay sahibi olan Bilal Auşeriya oyundan sonra jurnalistlərin suallarını cavablandırdı. Müsahibə ərəfəsində tərcüməçi gec gəldiyindən, onu 10-15 dəqiqə gözlətsək də, ərəb kökənli fransalı sakit şəkildə sonadək bizi gözlədi:

– Özümü çox yaxşı hiss edirəm. Hər gün 3 qol vurmaq olmur. Əsas odur ki, qalib gəlik. 

– Müsahibə vermək üçün xeyli gözlədin. Hər zaman belə olmur. Bu, sevincdən irəli gəlir, yoxsa xasiyyətin belədir?
– Xarakterimdən. Söz vermişdim ki, danışacağam. Demək, sonadək gözləməliydim.

– Karyeranda het-trikin olmuşdu?
– Olmamışdı. Amma uşaq vaxtlarında het-trik etmişdim.

– Bu qələbəni dönüş nöqtəsi saymaq olarmı?
– Buna ümid edirəm. Bu gün 3 xal qazandıq. Amma elə də böyük iş görməmişik. Davamını gətirmək lazımdır.

– Yarış cədvəlinin son pilləsindəydiz. Bu durumda hazırlaşmaq nə dərəcədə çətindir?
– Biz peşəkarıq, bu bizim işimizdir. Heç bir təzyiq hiss etmirik. Oyundan-oyuna köklənib yüksək ovqatla çıxış etməliyik.

– Bu gün hücumda oynadın. Fərqli mövqedə çıxış etmək sənə necə təsir etdi?
– Baş məşqçi bu gün məni ön xətdə oynatdı. O, harada desə, oynamağa hazıram. Mənim üçün sol, sağ və ya hücumun mərkəzində oynamağın fərqi yoxdur.

– Özünü daha çox harada rahat hiss edirsən?
– Akademiya vaxtında vinger, “10 nömrə” və hücumçu mövqeyində oynamışam. Mənim üçün hamısı rahatdır.

– İkinci qolun sevincini rəqib azarkeşlər tərəfdə qeyd etdin. Bu, onlarda qıcıq yaratdı.
– Planlı şəkildə etmədim. Sadəcə, ora yaxın idim (gülümsəyir). Həmin an heç nə fikirləşmirdim.

– Növbəti matç “Qarabağ”a qarşı olacaq. Rəqib avrokubokda “Molde” ilə oyundan yorğun qayıdacaq. Gözləntiləriniz nədir?
– Bizim durumda, istənilən rəqibə qarşı motivasiyalı olmalıyıq. Təkcə “Qarabağ”a qarşı yox.

– Baş məşqçi bildirdi ki, futbolçular ağ geyimdə oynamaq istəyib. Bunun səbəbi nəydi?
– Bilmirəm (gülümcəyir). O sözü məşqçi deyib. Şərh verə bilmərəm. Qırmızı və ya ağ, bizim üçün fərqi yoxdur. Əsas oynamaqdır.

– Het-trikdən sonra, əsas diqqət sənin üzərində olacaq. “Qarabağ”ın müdafiəçiləri ilə də bacaracaqsınızmı?
– Mənim üçün heç bir şey dəyişməyəcək. Həmçinin “Qarabağ” üçün də. Çünki, onlar tək oyunçuya baxmır, ümumi komandanın oyununa baxır.

Kamran HACI

Həmin kateqoriyadan