Qriqorçuk: “Azərbaycanda futbolun səviyyəsi kifayət qədər yüksəkdir”

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk bu təyinatı ilə bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında öncə bunları söyləyib:

– Mənimlə maraqlanan digər klublardan danışmaq istəmirəm. “Qəbələ” rəhbərliyi ilə iddialarımız üst-üstə düşür. Qəbələ kiçik şəhərdir. Amma burada futbolu inkişaf etdirmək üçün hər şey mövcuddur. Simpatik müasir stadionları, komfortlu otelləri, gözəl futbol akademiyaları var. Klub rəhbərliyi görülən işlərlə kifayətlənmək istəmirlər. Onlar bundan da artığına nail olmaq istəyirlər. Qəbələ rahat və gözəl şəhərdir. Burada həm məhsuldar işləmək, həm də ürəkdən dincəlmək olar.

– “Qəbələ”nin son iki məşqçisi Rusiya klublarını çalışdırıb. Yeni komandanız hazırda necə futbol sərgiləyir?
– Mən həm Yuri Syominin, həm də Dorinel Muntyanunun işinə qiymət vermək istəməzdim. Komandanın çıxışından danışmaq telefon söhbəti deyil. Sadəcə, onu deyə bilərəm ki, mənim prinsiplərim dəyişməz qalıb. “Dinaburq”, “Ventspils”, Zaporojye “Metallurq”u və şübhəsiz ki, “Çernomorets”dəki işimi burada da davam etdirəcəyəm.

– Mətbuatda yayılan xəbərlərə görə, klubdakı məşqçilərdən Sənan Qurbanovla Dmitri Kramarenko sizə kömək edəcək, “Çernomorets”dən isə Mixail Savka ilə Stepan Matveyevi aparacaqsınız. Andrey Qluşenko ilə əməkdaşlıq etməyəcəksiniz?
– Mən Odessada birgə çalışdığım məşqçilər korpusunu tam olaraq “Qəbələ”də görmək istərdim. Fikrimcə, rəhbərlik bununla bağlı öz qərarını verəcək.

– Bu yaxınlarda sizin keçmiş yetirməniz Aleksey Antonov belə bir fikir səsləndirmişdi ki, Qazaxıstan və Azərbaycan kimi ölkələrdə futbol çox zəifdir…
– Çox əbəs. Bu ölkələrdə futbolun zəif olduğunu düşünmək lazım deyil. Azərbaycan və Ukrayna Premyer Liqalarını müqayisə etmək istəmirəm. Amma Azərbaycana getməzdən öncə gördüyüm, eləcə də “Qəbələ”nin canlı izlədiyim oyunlarına əsasən deyə bilərəm ki, burada futbolun səviyyəsi kifayət qədər yüksəkdir.

– Düzdür ki, siz “Qəbələ”ni Ukraynada, xüsusilə də “Çernomorets”də çıxış edən futbolçularla gücləndirmək istəyirsiniz?
– Bəli, gizlətmirəm, belə bir arzum var. Amma həmin futbolçuların adlarını açıqlamayacağam.

Həmin kateqoriyadan