Qurban Qurbanov: Azarkeşlərin fikrinə hörmətlə yanaşıram

Allsport.az saytı sizi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun KİV nümayəndələrinə verdiyi müsahibə ilə tanış edir.

– “Qarabağ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsini 6, bu il isə 4 xalla başa vurdu. Bu dəfə rəqibləriniz daha güclü idi, ya başqa hansısa səbəb var?
– Bəzən komanda 60, bəzən də 50 xal toplamaqla çempion olur. Bu mövsüm qrupumuzda doğrudan da güclü komandalar yer almışdı. Belə rəqiblərə qarşı oynamaq doğrudan da çətin, eyni zamanda xoş idi. Son tura qədər mərhələ adlamaq şansımız qalırdı. “Anderlext”ə qalib gəlsəydik, qrup ikincisi kimi pley-offa çıxa bilərdik. Amma bu il də ötən mövsümkü aqibətlə üzləşdik.

– Komanda bu avrokubok mövsümündə nə təcrübə topladı?
– Biz müxtəlif komandalara qarşı oynadıq. Böyük beşlik ölkələrinin çempionatlarında çıxış edən komandaları daha yaxından tanımış olduq. Bu, həm bizim, həm də azarkeşlərimiz üçün böyük təcrübə oldu.

– Artıq “Anderlext”lə “Tottenhem”in 1/16 finaldakı rəqibləri bəllidir. Rəqibləri görəndən sonra düşünmədiniz ki, növbəti mərhələyə çıxsaydınız, onları keçə bilərdiniz?
– Bu barədə düşünmək düzgün olmaz. Çünki biz pley-offa çıxmamışıq. Amma keçmiş rəqiblərimizə azarkeşlik edəcəyik.

– Qış fasiləsi yaxınlaşır. Hazırlıq planınız bəllidir?
– Yanvarın 5-dən Antalyada toplanışa başlayacağıq. Orada 4 yoxlama oyunu keçirəcəyik. Amma kimlərlə qarşılaşacağımızı hələ bilmirik.

– Azarkeşlər Vüqar Nadirovu “Qarabağ”a qaytarmağınızı xahiş edir. Bu barədə düşünmüsünüz?
– Azarkeşlərin fikrinə hörmətlə yanaşıram. Amma idman prinsiplərini də nəzərə almaq lazımdır. Futbolçunu hansısa xahişlə komandaya götürmək düzgün olmaz. Biz komandaya kömək edə biləcək futbolçular almağa çalışırıq. Vüqar Nadirovla bağlı qərarın necə olacağını deyə bilmərəm.

Həmin kateqoriyadan