Rəşad Sadıqov: “Vəsiqəni tam rəsmiləşdirəndən sonra, bu suala tam cavab verəcəyəm”

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” səfərdə PAOK-u 1:0 hesabı ilə üstələyib. Allsport.az saytı xəbər verir ki, bu qələbə sayəsində xalını 7-yə yüksəldən ölkə çempionu raund adlamaq imkanını artırıb. Komandamızın kapitanı Rəşad Sadıqov KİV-ə müsahibəsində qələbə hisslərini belə bölüşüb:

– Komandanın tarixinin ən vacib qələbələrindən birini qazandıq. Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik. Yaxşı müdafiə olunub, qapandıq və yekunda qalib gəldik.

– Baş məşqçinin tapşırığı öz yerində, sən də kapitan kimi komanda yoldaşlarına demişdinmi ki, rəqib futbolçuların təxribatlarına uyma? İlk dəqiqələrdə də Maksim Medvedev də az qala bu təxribata gedəcəkdi…
– Xoşagəlməz hal yaşandı. Hadisələrə mən də müdaxilə etməli oldum. Rəqibə göstərdik ki, biz burada heç kimdən çəkinmirik. Yeganə çəkindiyim məqam 3-cü dəqiqədə sarı vərəqə alan Maksimin meydandan qovulması ola bilərdi. Amma o, təcrübəsindən istifadə edib, sona qədər meydanda qaldı.

– Oyunun əvvəlində qol buraxmamağın matçın gedişində çıxışınıza nə kimi təsiri oldu?
– PAOK-la ilk oyunumuzda da görmüşdük ki, ilk dəqiqələrdən təzyiq göstərirlər. Amma əsas odur ki, qol buraxmadıq.

– Qələbə komandada bir arxaynlıq yaradarmı?
– Matç hələ indi başa çatıb. Bu haqda indidən nəsə demək çətindir.

– 2 il əvvəl İtaliya “İnter”i ilə o məlum matçdan sonra demişdin ki, “bu mənim son şansım idi”. İndi necə düşünürsən?
– Vəsiqəni tam rəsmiləşdirəndən sonra, bu suala tam cavab verəcəyəm.

Həmin kateqoriyadan