MÜSAHİBƏ
Rahid Əmirquliyev: “Ən çətin oyun Almaniyaya qarşı olub”

“Səbail”in kapitanı Rahid Əmirquliyev klubun rəsmi saytına müsahibə verib. Allsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerası və komandanın durumu haqda sualları cavablandırıb.

– 3-cü mövsümdür ki, “Səbail”dəsiniz və artıq növbəti oyun 60-cı rəsmi matçınız olacaq. Bu dövrü necə təsvir edərsiniz?
– 3-cü mövsüm olmasına baxmayaraq, vaxt çox tez keçdi. Bu 3 ildə çox yaxşı hallar oldu. Birinci il Avropa liqasında iştirak etmişdik. 60-cı oyuna çıxmağım sevindirici haldır. Bundan da çox oyuna çıxıb, komandaya fayda vermək üçün həmişə çalışacağam.

–  Azarkeşlər üçün darıxmısınız?
– Əlbəttə! Azərkeşlərlə oynamaq bizim üçün daha rahatdır. Həmişə gəlib bizi dəstəkləyiblər. Hər bir futbolçu üçün azərkeş dəstəyi əlavə stimuldur. Onlar üçün çox darıxmışıq. İstəyirik ki, yenə gəlib bizi dəstəkləsinlər.

– Karyeranızda vurduğunuz ən yaddaqalan qol hansıdır?
– “Səbail” – “Zirə” oyununda vurduğum qol və “Qarabağ”da oynayanda “Neftçi”yə vurduğum qolu qeyd edə bilərəm.

– Sizə qarşı oynayan ən çətin rəqib oyunçular kimlərdir?
– Düşünürəm ki, ən çətin oyun Almaniya milli komandasına qarşı olub. Ən çətin rəqib oyunçular isə Toni Kroos və Mesut Özili deyərdim.

–  Kapitan kimi oyunlardan öncə və ya fasilə zamanı paltardəyişmə otağında komanda yoldaşlarınıza necə dəstək olursunuz? Məşqçi bu barədə sizə hər hansı xüsusi tapşırıq veribmi?
– Xeyr, xüsusi tapşırıq verilməyib, ancaq kapitan kimi çalışıram ki, hər bir futbolçuya dəstək olum, motivasiya edim. Bizdə gənc oyunçular çoxdur. Ancaq qeyd edim ki, bizim komandada təcrübəli futbolçular var və onlar mənə kömək edirlər.

– Komandanı motivasiya edəndə əsas nəyə diqqət edirsiniz?
– Hər futbolçu özü hazırlaşır oyuna və özləri bilir necə yaxşı hazırlaşmaq lazımdır. Bizim işimiz onları motivasiya edərək, oyun öncəsi “ayıltmaqdır”.

– Komandaya nəzər yetirəndə gənclər arasında fikrinizcə, daha perspektivli kimlərdir?
– Bizdə perspektivli oyunçular çoxdur. Ruslan Hacıyev də onlardan biridir. Düzdür, tez-tez zədə alır. Allah ona kömək olsun!  Buna baxmayaraq, Ruslan Hacıyev və Turan Manafov gələcəkdə milliyə namizədlərdir.

–  Uğurlu futbolçu olmaq üçün hansı yaşdan başlamaq və nələrə diqqət etmək lazımdır?
– Futbola kiçik yaşlardan başlamaq daha yaxşıdır. Futbol məktəbi keçsə, gələcəkdə uğurlu futbolçu ola bilər. Futbolçu həm meydanda, həm də meydandan kənar hərşeyə diqqət etməlidir.

– Komandada koronavirusa yoluxanlar var. Bəs, siz özünüzü necə qoruyursunuz?
– Bəli, komandada da yoluxanlar var. Koronavirus artıq dünyanın problemidir. Virus elədir ki, ondan qorunmaq da çətindir. 3 qaydaya xüsusilə diqqət edirəm: maska taxmaq, sosial məsafə və dezinfeksiya vasitələrindən istifadə.

–  COVİD-19-a yoluxan futbolçuların olması oyunlarda sizə təsir edirmi?
– Komanda olaraq test veririk və virus aşkarlanan oyunçular bizdən ayrı qalırlar. Yoluxan oyunçuların iştirak etməməsi bizə psixoloji cəhətdən təsir edir.  Bir-iki futbolçu olmayanda oyuna hazırlaşmaq çətin olur.

Həmin kateqoriyadan