Rahid Əmirquliyev: “Müqavilə müddətini artırdığıma görə şadam”

“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev müsahibə verib. Allsport.az saytı xəbər verir ki, kapitan müqavilə müddətinin artırılması ilə bağlı fikrini bölüşüb:

– Klubumuzla 1 illik yeni müqavilə imzaladın. İlk öncə bununla bağlı fikrilərini öyrənmək istəyirik.
– Hər zaman müsahibələrimdə də qeyd etdiyim kimi “Səbail” mənim üçün çox doğmadır. Artıq bir neçə ildir ki, burada çıxış edirəm. Növbəti 1 il də bu komandanın uğurları üçün çalışmaq mənim üçün xoşdur. Komandaya fayda vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Ötən mövsüm çıxışımız uğurlu alınmadı. Amma indi kapitan olaraq komandanın da adından demək istəyirəm ki, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Müqavilə müddətini artırdığıma görə şadam.

– Premyer liqa tarixində ən çox oyun keçirən futbolçusan. Bu rəqəm növbəti mövsümdə daha da artacaq. Azərbaycan futbolunda qazanmadığın titul yoxdur. Hazırda futbol oynamağa səni nə motivasiya edir?
– Futbolda kubok və qələbələr qazanmaq vacibdir. Ancaq bundan da vacibi futbolu sevərək oynamaqdır. Futbolu sevdiyimə görə oynayıram. Bu sevgi uşaqlığımdan bəri davam edir. Futbolsuz qalmaq mənim üçün çətindir.

– 2018/19 mövsümündə ölkə çempionatının bürünc mükafatını qazanan Emin Martinov yenidən bu komandada çıxış edəcək. Həmin mövsüm birlikdə çıxışınız çox bəyənilirdi. Onun “Səbail”ə qayıtması ilə bağlı nə deyə bilərsən?
– Onunla 1 il birlikdə çıxış etdik və həmin mövsümün bürünc mükafatçısı olduq. Hər şeydən əvvəl Emil çox gözəl xarakterə malik insandır. Futbolçu kimi də güclü keyfiyyətlərə sahibidir. Onun qayıtması məni sevindirdi. İnanıram ki, həmin mövsüm komandamızın medal qazanmağına necə kömək olubsa, növbəti mövsümdə də bundan daha yaxşı olacaq.

– Komanda tamamilə yenidən qurulur. Kapitan kimi yeni oyunçularımıza nə məsləhət görürsən?
– Komandamıza çox futbolçu qoşulub. Bu komandamızın güclənməsi baxımından sevindirici haldır. Düzdür, hələ yeni oyunçularla söhbət etmək imkanım olmayıb. Lakin əminəm ki, onlar bura nə üçün gətirildiklərini bilirlər. Məşqlərimizdə necə peşəkarlıqla çalışdıqlarını görürəm. Buna görə də düşünürəm ki, onlara nəsə demək artıqdır.

– Kapitan olaraq “Səbail” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Komanda üzvlərinin növbəti mövsümdə tərəfdarlarımızdan gözləntisi nədir?
– Azarkeşlərimiz nəticədən asılı olmayaraq hər zaman bizi dəstəkləyiblər. Bunu həmişə hiss etmişik. Bu dəstəyin növbəti mövsümdə daha da artacağına inanıram. Biz də onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Həmin kateqoriyadan