FOTO
Ramin Musayev Nazim Süleymanovu təbrik etdi

Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov üçün əlamətdar həftədir. Allsport.az xəbər verir ki, veteran hücumçu 50 illik yubiley ərəfəsindədir.

Azərbaycanda və onun hüdudlarından kənarda möhrünü vurmuş Süleymanov eyni zamanda bir şəxsiyyət kimi cəmiyyətdə öz yerini tutub. Futbolçu kimi “Neftçi”də məşhurlaşan hücumçu Rusiya çempionatında da öz bacarığını göstərib. Şimali Osetiyanın fəxri vətəndaşı, “Alaniya” tarixinin ən çox qol vuran legioneri olan Süleymanov “Xəzər Lənkəran”ın yaradıcılarındandır.

“Xəzər Lənkəran”ın ilk baş məşqçisi kimi tarixə düşən Süleymanov “Neftçi”də həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərib. Azərbaycan futbolunun təşəkkül tapmasında, inkişafında xidməti olan şəxsi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi” və “Xəzər Lənkəran” klublarının oyunundan öncə “Bakcell Arena”da təbrik edib. Nazim Süleymanova xatirə hədiyyəsi təqdim olunub.

Eyni zamanda, “Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov veteran hücumçuya 50 nömrəli futbolkanı və klubun digər atributlarını təqdim edib.

Qeyd edək ki, Süleymanovun yubileyi ilə bağlı tədbirlər davam edəcək. Yaxın günlərdə “Neftçi” və “Alaniya” klubunun veteranlarının oyununun təşkili nəzərədə tutulub.

Həmin kateqoriyadan