Reabilitasiya mərkəzində futbol dərslərinə start

AFFA-nın təşkilatçılığı, “Həyat naminə” reabilitasiya mərkəzinin dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən reabilitasiya mərkəzində narkotik maddə asılılığından əziyyət çəkən gənc və yeniyetmələr üçün futbol dərslərinə start verilib.

Allsport.az saytı xəbər verir ki, açılışda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi kurslarının rəhbəri Aslan Kərimov, kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, eləcə də “Həyat naminə” reabilitasiya mərkəzinin rəhbəri Kənan Hacıyev və AFFA-nın futbolda dosial məsuliyyət üzrə meneceri Kifayət Mustafayeva mərkəzdə müalicə alan gəncləri salamlayıb, pis vərdişlərdən uzaq olmağa səsləyib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Sonda veteran futbolçuların iştirakı ilə birlikdə futbol oyunu təşkil olunub.

Mərkəzdə futbol dərsləri AFFA tərəfindən təyin olunmuş məşqçi tərəfindən həftədə 2 dəfə olmaqla keçiriləcəkdir. Dərslərin keçirilməsində məqsəd narkotik maddə asılılığından əziyyət çəkmiş və hazırda müalicə alan şəxslər arasında futbolun kütləviliyini artırmaq, onların asudə vaxtlarını daha səmərəli təşkil etmək, sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Həmin kateqoriyadan