“Red Bul Neymar Jr’s Five” futbol turniri yenidən ölkəmizdə

Braziliya millisinin və “Pari Sen Jermen” klubunun ulduz futbolçusu Neymar tərəfindən təqdim edilən “Red Bul Neymar Jr’s Five” futbol turniri növbəti dəfə ölkəmizdə təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, maraqla gözlənilən yarışın seçim mərhələləri 22 avqustda Gəncədə, 28-29 avqust və 4-5 sentyabrda Bakıda olacaq. Azərbaycan üzrə qalibin məlum olacaq milli final mərhələsi Bakıda 12 sentyabrda baş tutacaq.

“Red Bul Neymar Jr’s Five” futbol turnirində iştirak etmək istəyənlər 12 iyuldan başlayan onlayn qeydiyyat mərhələsindən keçməlidir. Gəncə seçimləri üçün qeydiyyat avqustun 21-də yekunlaşacaq.

Bu tədbir dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Yarışda yeddi nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçular 18-35 yaş arası olmalıdırlar.

Reqlamentə əsasən turnirdə hər oyun 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandadan bir oyunçunu meydandan uzaqlaşdırır. Görüş, komandalardan birinin son oyunçusunun meydandan uzaqlaşdırılmasına və ya matçın vaxtı bitənə qədər davam edir. Matçın sonunda futbolçu sayı daha çox olan komanda qalib gəlir.

Həmin kateqoriyadan