Rihanna “Lill” – “Qəbələ” görüşünün “Pyer Moruada” keçirilməsinə mane olub

Bu gün “Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində səfərdə Fransanın “Lill” klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, qarşılaşma “Lill”in əsas və yeni stadionu “Pyer Morua”da yox, ehtiyatda – “Lill-Metropol”da keçiriləcək.

Buna iyulun 24-də “Pyer Morua”da məşhur müğənni Rihannanın konsert verməsi səbəb olub. Tədbirdən sonra “Lill” rəhbərliyi arenanın qazonunu dəyişdirməyi planlaşdırdığı üçün, “Qəbələ” ilə matçın “Lill-Metropol”da keçirilməsinə qərar verib.

Qeyd edək ki, bu 2 idman qurğusu arasında çox böyük fərq var. Adı 2-ci çəkilən arena 18 185 azarkeş tutumuna malik olduğu halda, “Pyer Morua” 50 186 tamaşaçı qəbul edə bilir.

İyulun 28-də baş tutacaq “Lill” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan