Roman Qriqorçuk: Rəqibi yaxşı təhlil etmişdik

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

“Qalib gəlməyə yaxın idik, 3 xal da qazana bilərdik. Amma sonda 1 xal əldə etdik. Qarşılaşmanın heç-heçə bitməsinin ədalətli olub-olmamasını müzakirə etməyəcəm. Rəqibi yaxşı təhlil etmişdik. Hansısa epizodlarda sürətdə uduzsaq da, mübarizəmizi davam etdirdik. Rəqib 2 taktiki variantdan istifadə etdi ki, biz də bunlara hazır idik. Çətin oyun oldu. İlk hissədə Aleksey Antonovla Ermin Zets yaxşı oynamadılar.

Lakin ikinci hissədə Antonov daha yaxşı təsir bağışladı. Onun çıxışından razı qaldım. Bundan sonra da Antonov “Qəbələ”də heyətində çıxış edəcək. Yeni oyunçularımız Fakundo Pereyra və Derlis Meza Kolli də yaxşı oynadı. Sonuncuya start heyətdə şans verdim. Bu qərar mənim idi. Fakundo isə ikinci hissədə oynadı. O, verilən tapşırığın öhdəsindən gəldi. Bu oyunda meydana çıxmasa da, Rəşad Sadiqov çox vacib oyunçudur.

Gələcəkdə də onun bizə çox kömək edəcəyinə əminəm. Qrupdakı digər oyunun nəticəsini çox sakit qarşıladım. Bəlkə də, belə olacağını bilirdim. Əgər qrupda 3 oyun keçirsəydik, onda qrupun digər matçının nəticəsini düşünərdik. Əsas odur ki, öz oyunumuzu fikirləşək”.

Həmin kateqoriyadan