Ruslan Qurbanov: “Məqsədim “Hayduk”un heyətində möhkəmlənməkdir”

Allsport.az sizi “Neftçi”nin futbolçusu, icarə əsasında Xorvatiyanın “Hayduk” (Split) klubunda çıxış edən Ruslan Qurbanovun müsahibəsi ilə tanış edir.

– Ruslan, “Neftçi” azarkeşləri, futbolsevərlərimiz daim səninlə maraqlanır. Xorvatiyada, yeni komandanda özünü necə hiss edirsən?
– Əvvəlcə, “Neftçi” azarkeşlərini buradan salamlayıram. Çox sağolsunlar ki, xatırlayırlar, unutmurlar. Burada yeni olsam da, demək olar ki, mühitə öyrəşmişəm. Komandamızda əla ab-hava var. Artıq bir çox futbolçu ilə dostlaşmışam. Xüsusən də Artyom Milevski ilə əla münasibətimiz var.

– Yəqin ki, ilk oyuna çıxacağın günü səbrsizliklə gözləyirsən…
– Bura ehtiyatda oturmağa gəlməmişəm. İstəyirəm ki, özümü sübut edim. “Neftçi” rəhbərliyi “Hayduk”a keçidim üçün hər cür köməyi göstərdi. İndi qalır bu etimadı doğrultmaq. Sabah Xorvatiya kuboku uğrunda oyunumuz var. 1/4 final mərhələsində cavab matçına çıxacağıq. Rəqibimiz “Vinoqradar” klubudur. Bu qarşılaşmada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Məqsədim komandanın heyətində möhkəmlənməkdir.

– “Hayduk@ klubunda neçə nömrəli futbolka ilə oynayacaqsan?
– Əslində mən “Neftçi”də olduğu kimi 23 nömrəli futbolkanı istəyirdim. Amma mənə dedilər ki, istəsəm, 7 nömrəli futbolkanı da götürə bilərəm. Hələ uşaq vaxtından bu nömrəli futbolka çox xoşuma gəlirdi. Ona görə də 7-ni seçdim.

– Komandanın hədəfləri barədə danışardın.
– Çempionatda hazırda 4-cü yerdəyik. Məqsədimiz avrokuboklara vəsiqəni təmin etməkdir. Ölkə kubokunda isə yalnız qələbə və maksimum nəticə üçün mübarizə aparırıq.

– Orada oyunlara azarkeş marağı nə səviyyədədir?
– Burada futbolu çox sevirlər. İnsanların futbola böyük marağı var. Ötən tur komandamızın ev oyununa çoxlu azarkeş gəlmişdi. Belə bir şəraitdə oynamaq futbolçu üçün də çox xoşdur. İstəyirəm ki, mən də öz oyunumla azarkeşlərin sevimlisinə çevrilim.

– İcarə müddəti mövsümün sonunda bitir…
– Düzdür, müqaviləm mövsümün sonuna kimidir. Əgər bu müddətdə istədiyim oyunu nümayiş etdirə bilsəm, razılaşmanın müddəti uzanacaq. İstəyirəm ki, Azərbaycanı və “Neftçi”ni burada layiqincə təmsil edim.

Həmin kateqoriyadan