““Səbail” karyeramın ən uğurlu komandalarından biridir”

“Səbail”in mövsümdə ilk transfer etdiyi futbolçu Şəhriyar Rəhimov olub. Allsport.az saytı xəbər verir ki, müdafiəçi klubun əməkdaşı ilə söhbətdə, bu keçidə aydınlıq gətirib.

– “Səbail”də 2018-2020-ci illər ərzində 50 oyun keçirib, 2 qol vurmusunuz. Bu iki mövsüm yadınızda necə qalıb?
– “Səbail” karyeram mənim üçün çox yaddanqalan olub. Karyeramda xüsusi yeri olan klubdur. Çünki 2018/2019-cu il mövsümündə premyer liqada 3-cü yeri tutaraq, bürünc medalın sahibi olduq və Avropa liqasına vəsiqə qazandıq. Həmçinin, bu klubda çıxış etdiyim müddətdə daima milliyə dəvət alırdım. “Səbail” karyeramın ən uğurlu komandalarından biridir.

– “Səbail”də keçirdiyiniz ən yaddaqalan oyun hansı olub?
– Yaddaqalan oyunlarımız çox olub. “Bakcell Arena”da “Neftçi”ni (24.02.2019 “Neftçi”-“Səbail” 1:2), “ASCO arena”da “Qəbələ”ni (16.02.2020 “Səbail”-“Qəbələ” 3:1) məğlub etdiyimiz oyunlar və əlbəttə ki, Avropa Liqasında oynadığımız oyunlar mənim üçün yaddaqalan olub.

– Bir illik fasilədən sonra yenidən meydanda “dənizçilər”in forması ilə çıxış edəcəksiniz. Bu barədə nə düşünürsünüz?
– Futbolda elə olur ki, bir klubdan ayrılırsan sonra yenə həmin kluba qayıdırsan. Məndə də həmin hal baş verdi. Buradakı hərkəslə çox xoş münasibətlərim var. Çox şadam ki, yenidən doğma kluba, evimə qayıtdım.

14 ildir peşəkar futbol oynayırsınız. Özünüzdə hansı dəyişikllikləri hiss edirsiniz?
– Məncə, bunu kənardan söyləmək daha rahat olar. Yaş artdıqca insan daha da təcrübəli olur. Bir ildir daimi olaraq futbol oynamırdım deyə ola bilər ki, fiziki formamda çatışmazlıq olsun. Bunu da qısa vaxtda bərpa edəcəyimə əminəm.

– Yeni mövsümdə ”Səbail”in uğurları üçün çalışacaqsınız. Sizcə, bu mövsüm ötən illərdən nə ilə fərqlənəcək?
– Keçən mövsüm premyer liqada rəqabət gərgin idi. Hər şey son turda bəlli oldu. Xallar bir-birinə çox yaxın idi. Yeni mövsümdə “Səbail”in uğurları üçün çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, komanda yüksək pillələrdə olsun. Fikrimcə,  yeni mövsümdə də rəqabət gərgin olacaq.

Həmin kateqoriyadan