“Şahdağ”ın baş məşqçisi istefa verdi

Azərbaycan birinci divizionunda mübarizə aparan “Şahdağ” klubu baş məşqçisiz qalıb. Allsport.az xəbər verir ki, Qusar təmsilçisinin çalışdırıcısı Telman Cavadov öz razılığı ilə istefaya gedib.

“Şahdağ” ötən gün ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində doğma meydanda “Şəmkir”lə qarşılaşdı. Qarşılaşma qusarlıların 1:3 hesablı məğlubiyyəti ilə başa çatdığından, “Şahdağ” kubokdakı mübarizəni erkən dayandırmalı oldu.

Cavadov da məhz bu oyundan sonra istefa ərizəsini yazıb. Onun rəhbərlik etdiyi komanda birinci divizionda da uğursuz çıxışı ilə diqqət çəkirdi. Belə ki, geridə qalan beş turda cəmi bir xala malik olan qusarlılar 14 klub arasında 13-cü pillədə qərarlaşıblar.

Klub gördüyü işə görə mütəxəssisə dərin minnətdarlığını bildirib. Məlumata əsasən, Telman Cavadov klubda digər vəzifəyə təyin olunacaq.

Həmin kateqoriyadan