Xaqani Məmmədov: “Ciddi rəqiblərimiz azdır”

AFFA-nın uşaq və yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda Azərbaycan birinciliyinə start verilib. Allsport.az xəbər verir ki, müxtəlif yaş qrupları üzrə keçirilən çempionatlarda “Qəbələ” Futbol Akademiyasının 9 komandası mübarizə aparır. Əvvəlki illərdə olduğu kimi “qırmızı-qaralar” bu mövsümdə də ən yüksək nəticələrə iddialıdır.

“Boulevard Hotel U-15 Liqası”nda mübarizə daha erkən başlayıb. Sentyabrın 22-də start götürən 15 yaşlıların birinciliyində 8 tur arxada qalıb. Xaqani Məmmədovun başçılıq etdiyi kollektiv iddiasını indidən ortaya qoyub – 8 oyun, 8 qələbə. “Qəbələ” 24 xalla turnir cədvəlində birinci, futbolçu Məhəmməd Məhərrəmov isə 10 qolla “İnter”in oyunçusu Ceyhun Nuriyevlə birgə çempionatın bombardiridir. Yeri gəlmişkən, Məmmədov ötən mövsüm də bu kollektivi çalışdırırdı və yetirmələri ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatında gümüş medallara sahib çıxmışdı. Yeni mövsümə köhnə qvardiyası ilə başlayan gənc mütəxəssis “Qəbələ İK”nın suallarını cavablandırıb.

– İkinci mövsümdür eyni komandaya başçılıq edirsiz. Yəqin ki, yaxşı tanıdığınız kollektivlə işləmək rahatdır.
– Əlbəttə. Komandamın güclü və zəif cəhətlərini çox yaxşı bilir və işimi buna uyğun qururam. Güclü cəhətlər bəllidir. Odur ki, hazırda çatışmayan cəhətləri aradan qaldırmaq üçün çalışırıq. Məşqlərdə nəyin üzərində işləməli olduğumuzu yaxşı bilirik. Eyni zamanda əksər futbolçular mənim futbol fəlsəfəmə bələddir. Buna görə də, bir jestimlə meydançada onlardan nə istədiyimi yaxşı başa düşür və onu icra edirlər.

– Görünür, həm də buna görədir ki, “Qəbələ” hazırda çempionatın lideridir.
– Elədir. Yetirmələrimə həmişə qələbə ruhunu aşılayıram. Hər oyundan əvvəl maksimum nəticə qazanmağa köklənir və meydançaya qələbə üçün çıxırıq.

– Elə ideyanız olubmu ki, ötən mövsüm reallaşdıra bilməmisiz?
– Bəli. Əvvəlcədən düşündüyüm bır sıra ideyalar vardı ki, vaxt çatışmazlığından onları gerçəkləşdirə bilməmışdım. İstəklərimi həyata keçirmək üçün mənə 1 mövsüm kifayət etməmişdi. Bu baxımdan keçmiş komandamın yeni mövsümdə də mənə tapşırılması çox yaxşı oldu. Bu mənə imkan verəcək ki, kollektivi görmək istədiyim səviyyəyə çatdırım.

– Dediniz ki, yetirmələriniz sizin onlardan nə istədiyinizi yaxşı bilirlər. Bəs, şərait və futbolçuların hazırlıq səviyyəsi ideyalarınızı tam həyata keçirməyə imkan verirmi?
– Əlbəttə. “Qəbələ” Futbol Akademiyası Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən qabaqcıl təsisatdır. Burada peşəkar futbolçu yetişdirmək üçün bütün imkanlar var. Akademiyada hər bir məşqçi istədiyi ideyanı gerçəkləşdirə bilər. Doğrudur, yetirmələrim hələ gəncdirlər. Bununla belə, qeyd edim ki, Azərbaycanda 2000-2001 doğumlu ən yaxşı futbolçuların əksəriyyəti mənim komandamda toplaşıb. Onlar hazırlıq səviyyəsinə və potensiallarına görə, yaşıdlarından daha yaxşı təsir bağışlayırlar.

– Ötənilki heyətlə indiki arasında nə kimi fərq var? Komandaya yeni futbolçular cəlb edilibmi?
– Əlbəttə. Tələblərə cavab verməyən, öz üzərində işləməyən və inkişafdan geri qalan futbolçular akademiyadan kənarlaşdırlıb. Ötənilki heyətdə zəif mövqelərimiz vardı. Hücum, orta, eləcə də arxa xəttdə bəzi futbolçular istəyimizə uyğun səviyyədə oynamırdılar. Ümidləri doğrultmayanları kənarlaşdırdıq və əvəzində daha sürətli, fiziki cəhətdən güclü və gələcək vəd edən futbolçular aldıq. Dayaq müdafiəçisi mövqeyinə Cavidan Rəhimlini, mərkəzə Cavid Vəlizadəni, sağ cinah hücumçusu mövqeyinə Əli Mürsəlovu, sırf hücumçu mövqeyinə Xəlil Bəşirovu, sağ cinah müdafiəçi mövqeyinə Nicat Əliyevi gətirdik.

– Ötən il bu komanda ilə Azərbaycan kubokunu qazandınız, çempionatda ikincioldunuz. Builki məqsəd nədir?
– Akademiya olaraq məqsəd “Qəbələ”nin əsas heyəti və milli komandalar üçün futbolçu yetişdirməkdir. Nəticələrə gəlincə, əlbəttə ki, ötənilki nəticələri yaxşılaşdırmağa çalışırıq. Bundan başqa, gələn il keçiriləcək beynəlxalq “Gabala Cup” turnirində uğurla çıxış etmək istəyirik.

– Builki çempionatda “Qəbələ”nin əsas rəqibləri hansı komandalardır?
– Təəssüf ki, bizimlə ciddi rəqabətə girəcək komanda azdır. Qeyd etdiyim kimi, bu yaş kateqoriyasında ən istedadlı futbolçuların əksəriyyəti bizim komandada toplaşıb. Həm heyət, həm də hazırlıq üçün yaradılan şərait baxımından “Qəbələ” digər kollektivlərdən bir baş üstündür. Bununla belə, düşünürəm ki, “İnter” və “Neftçi” komandaları çempionluq uğrunda mübarizədə bizə ciddi müqavimət göstərəcəklər. Qeyd edim ki, V turda “Neftçi”yə qalib gəlmişik. Qarşıdakı turlarda “İnter”i də sınağa çəkəcəyik.

Həmin kateqoriyadan