Yeni Günəşlidə şahmat məktəbinin açılışı olub

Bu gün Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ərazisində şahmat məktəbinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Suraxanı icra hakimiyyətinin başçısı İlqar Abbasov, Şahmat federasiyasının vitse prezidenti Mahir Məmmədov və digər rəsmilər iştirak edibdilər. Şahmat məktəbi  Azərbaycan prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən gənclər və idman nazirliyinin sifarişi əsasında inşa olunub.

 2 mərtəbə və zirzəmi hissəsindən ibarət məktəbin tikilialtı sahəsi 333 m2, ümumi sahəsi isə 963 m2, həcmi 3724 m3  təşkil edir. Şahmat məktəbində tədris üçün sinif otaqları, yarışların keçirilməsi üçün yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter otağı, həkim otağı, inzibati otaqlar, mətbəx, sanitar qovşaqlar vardır. Məktəbdə eyni zamanda 70-80 nəfərin tədrisi üçün bütün imkanlar yaradılıb.

Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq avadanlıq və ləvazimatlarla tam təchiz edilib. Eyni zamanda, şahmat məktəbinin təminatı üçün ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana fəaliyyət göstərir. Bina müasir ventilyasiya, kondisioner, işıqlandırma, istilik, yanğın xəbərverici siqnalizasiya sistemləri və su, kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz edilib.

 

Həmin kateqoriyadan