“Yenidən Avropa liqasına vəsiqə qazanmaq istəyirik”

“Sumqayıt” qış fasiləsində təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Ayxan Abbasov hazırlıq barədə müsahibə verib.

– Premyer liqanın 2020/21 mövsümünün arxada qalan ilk yarısını necə dəyərləndirərdiniz?
– Lap əvvəldən başlasaq, deyə bilərik ki, mövsümün əvvəlində bir neçə əsas futbolçumuzla yollarımız ayrılmış oldu. 2020/2021 mövsümünün startı ilə yanaşı bizi Avropa Liqasında da çətin debütün  gözlədiyini bilirdik. Vaxt azlığına baxmayaraq, ilk öncə əksər futbolçularımızla müqavilələri yenilədik və bir neçə yeni futbolçu heyətimizə qatmaqla Qəbələ şəhərinə təlim-məşq toplanışına yollandıq. Mövsümöncəsi hazırlıq mərhələsi ərzində çətinlik çəksək də, qayıtdıqdan sonra yeni transferlər də daxil olmaqla heyəti komplekləşdirə bildik. Ən yaxşı formada olduğumuz dövrdə birdən-birə iki mövqedə əsas futbolçularımızı itirdik. Digər məsələ isə son üç qarşılaşması ərəfəsində məlum COVID-19 infeksiyasının təsiri idi. Təsəvvür edin, 11-ci turda “Qəbələ” ilə matça hazırlaşırsan, bir gün öncə oteldə olduğun müddətdə oyun təxirə salınır və qarşılaşma iki gün sonraya keçirilir. İki gün sonra həmin oyundan əvvəl bir neçə futbolçun xəstələnir və heyəti qurmaqda çətinlik çəkirsən. Ümumi götürsək, futbolçularım qış fasiləsinə qədər özlərini hər tərəfdən yaxşı göstərə bildilər.
 
– Qış fasiləsinə qədər qarşınıza qoyduğunuz məqsədlərə çata bildinizmi?
– Qış fasiləsinə qədər lider kimi tamamladığımız birinci dövrədən sonra, ikinci yarıda uğursuz oyunlar keçirməyimizə baxmayaraq, işimizin öhdəsindən gəldiyimizi düşünürəm. Hazırda 4-cü pillədə qərarlaşmışıq və 3-cü pillədən 4 xal geridəyik. Ümumən götürsək, yarımillik dövr ərzində işimizin bəhrəsini gördüyümüzü düşünürəm. Bu müddət ərzində “A” milli komandamıza “Sumqayıt”dan 6 futbolçu dəvət olundu ki, bu da bizi sevindirməyə bilməzdi.
 
– Hazırda davam edən qış təlim-məşq toplanışı barəsində məlumat verməyinizi xahiş edərdik…
– Yanvarın 4-dən premyer liqanın ikinci mərhələsi üçün məşqlərə başlamış olduq. Sumqayıtda “Kapital bank arena”da baş tutan ilk mərhələdə daha çox fiziki hazırlıq üzrə çalışdıq. 4 günlük proqramın ardından isə dünəndən başlayaraq Mərdəkanda yerləşən “Milli komandaların məşq mərkəzi”ndə təlim-məşq toplanışına start verdik. Ölkə xaricində olan futbolçularımız da artıq ailələrinin yanından qayıdıblar və dünəndən etibarən tam heyətlə hazırlığımız davam edir. Ayın 14-dək davam edəcək toplanış ərzində iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq.
 
– Yeni futbolçuların heyətə cəlb olunması gözlənilirmi?
– Yeni futbolçulara ehtiyacımız olduğunu bilirik. Hazırda bunun üzərində işlər gedir. İlk gələn futbolçu cinah müdafiəçisi Cabir Əmirli oldu. Onu mövsümün sonuna kimi “Neftçi”dən icarəyə götürmüşük. Hazırda danışıq apardığımız bir neçə futbolçu da var. Danışıqlar müsbət nəticələnsə, yaxın günlərdə yeni transferlərimiz olacaq. İlk növbədə hər mövqedə sağlam rəqabət görmək istəyəm. Fasilədən sonra bizi çətin təqvim gözləyir. İstədiklərimizi edə bilsək, inanıram ki, qışdan sonra tamam başqa “Sumqayıt” görə bilərik.
 
– Mövsümün qalan hissəsi üçün gözləntiləriniz…
– Məlumdur ki, bu il qış toplanışı digər illərdən fərqli oldu. Öncəki illərdə Antalyada xarici klublara qarşı yoxlama oyunları oynamaqla komandanı pillə-pillə formaya salırdıq. Bu dəfə isə həm vaxtımız azdır, həm də komanda ağır xəstəlikdən çıxıb. İki həftəlik təlim-məşq toplanışı ərzində komandanı maksimum formada hazır vəziyyətə gətirmək istəyirik. Həmişəki kimi, futbolçularıma inamım sonsuzdur. Bütün gücümüzü ortaya qoyub, yenidən Avropa liqasına vəsiqə qazanmaq istəyirik.

Həmin kateqoriyadan