Triatlonun inkişaf müzakirəsi

Triatlon federasiyasının icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda milli komandanın qazandığı nəticələr, gənclərin fəaliyyətində əldə olunan irəliləyiş, respublikada triatlonun inkişafı müzakirə edilib.

ATF-in prezidenti Azər Məhərrəmov cari ilin komandamız üçün uğurlu keçdiyini vurğulayıb. Bildirib ki, cari ildə idmançılarımızın aktivində üç medal var. Yığma komandamızın lideri Rostislav Pevtsov Avropa çempionatında və qitə kuboku yarışlarında gümüş medal əldə edib. Kseniya Levkovskaya isə açıq Asiya kuboku turnirində qızıl medal qazanıb.

Qeyd edilib ki, bu ildən başlayaraq triatlon komandamız Olimpiya marafonuna qatılıb. İdmançılarımız Tokio-2020-yə vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Yay Olimpiya Oyunlarından əvvəlki iki il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar.

Azərbaycanda triatlon idmanının inkişafı keyfiyyətcə yeni səviyyəyə qalxır. Oktyabrın 6-da “Baku Triathlon 2019” adlı yarış keçiriləcək. Yarış sprint məsafəsində keçiriləcək. İştirakçılar 0,5 kilometr üzmə, 20 kilometr məsafəyə velosiped və 5 kilometr məsafəyə qaçış yarışlarında mübarizə aparacaqlar. Müxtəlif kateqoriyalarda keçiriləcək turnirdə komanda estafetində də qaliblər mükafatlandırılacaq.

Həmin kateqoriyadan