Ağalı kəndində “Zəfər yürüşü”ndə nazir Fərid Qayıbov idmançılarla finiş xəttinə qədər qaçıb

Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində triatlon üzrə “Zəfər yürüşü” keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış iştirakçıları açılışdan sonra, Zəngilan beynəlxalq hava limanına təyyarə ilə yollanan ilk sərnişinlər olublar.

Mərasimindən öncə Ağalıda ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Gənclər və idman naziri Fərid Qayıbov, Zəngilan rayonunda Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, milli məclisin deputatı Rauf Əliyev açılışda çıxış ediblər.

Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçirilib. Fərid Qayıbov idmançılarla birgə mübarizə aparıb. O, sonadək çıxış edib və finiş xəttinə qədər qaçıb.

Triatlonda (300 m üzmə, 10 km velosiped sürmə və 2 km qaçış) kişilərdə Toğrul Məmmədli, qadınlarda Adilə Süleymanova qalib gəliblər.

18 yaşadək duatlonçuların mücadiləsində (2 km qaçış, 9 km velosiped sürmə, 1 km qaçış) oğlanlarda Əli Rzazadə və qızlarda Medisa Təsbihi fərqləniblər.

Turnirin ən maraqlı hissəsi Ağalı kənd orta məktəbinin şagirdləri arasında təşkil edilən yarış olub. 50-dək uşaq 1 km məsafəyə qaçıblar və hər biri medala layiq görülüb.

Həmin kateqoriyadan