Misirdə beynəlxalq sınaq

Misirdə beynəlxalq sınaq

Azərbaycanın gənclərdən ibarət badminton millisinin üzvləri Qahirədə keçirilən beynəlxalq inkişaf düşərgəsində iştirak ediblər.

Allsport.az xəbər verir ki, dünya badminton federasiyasının (BVF) təşkil etdiyi proqram iki gün davam edib.

Düşərgəyə 15 ölkədən 95-dən çox gənc badmintonçu qatılıb.

Proqram çərçivəsində gənclərin liderlik bacarıqlarının inkişafına yönələn “Shuttle time youth leadership” və beynəlxalq olimpiya komitəsinin “İOC athlete365+ self-discovery” təlimləri keçirilib. Seminarlarda liderlik, ünsiyyət və komanda işi bacarıqlarının inkişafı, şəxsi potensialın müəyyənləşdirilməsi və gələcək karyera imkanları müzakirə olunub. İştirakçılar nəzəri məşğələlərlə yanaşı, texniki və taktiki hazırlıq üzrə praktiki məşqlərə də qatılıblar.

Azərbaycanı düşərgədə Ülvi Hüseynov, Əmirxan İmanov, Əli Gözəlov, Yusif Mirələmov, Leyla Camalzadə, Yağmur Quliyeva, Aysel Kazımova və Nəzrin Mehrəlizadə təmsil ediblər.

Badmintonçularımız Qahirədə keçirilən komandalararası dünya çempionatında da mübarizə aparıblar. Millimiz qrup mərhələsində İndoneziya və Şri-Lankaya, pley-off mərhələsində isə Qana və Bolqarıstana məğlub olub. Sloveniya və Zambiya yığmalarını üstələyən komandamız dünya çempionatını ümumi sıralamada 40-cı pillədə başa vurub.

Həmin kateqoriyadan